Banklarda əmanətlər manatla artıb, dollarla azalıb - SƏBƏB

Son bir il ərzində Azərbaycanda əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi artmağa başlayıb. Yeniavaz.com-un Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə istinadən apardığı hesablamaya görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi son bir il ərzində 14,6% və ya 1 milyard 8,2 milyon manat artaraq may ayının əvvəlində 7 milyard 881,3 milyon manata yüksəlib.

Artım yalnız milli valyutada qeydə alınıb. Manatla yerləşdirilən əmanətlər son bir il ərzində 1 milyard 279,6 milyon manatdan 2 milyard 887,8 milyon manata yüksəlib.

Xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə isə azalma qeydə alınıb. Son bir il ərzində xarici valyutada yerləşdirilən əmanətlər 5 milyrad 264,9 milyon manatdan 4 milyard 993,5 milyon manata qədər azalıb. Bu azalmaya baxmayaraq rəqəmlərdən də göründüyü kimi əmanətlərin 63,3%-i xarici valyutada yerləşdirilib.

Məlumat üçün bildirək ki, milli valyutada yerləşdirilən əmanətlərin artması, xarici valyutada yerləşdirilən əmanətlərin azalmasında əmanətlər üzrə faiz dərəcələri həlledici olub. Belə ki, son bir il ərzində milli valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 7%-dən 7,6%- yüksəlib. Xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi isə 3,7%-dən 2,3%-ə düşüb.

Xatırladaq ki, 2015-ci ildə baş verən milli valyutanın devalvasiyasından sonra əhali banklara yerləşdirdiyi manat əmanətlərini xarici valyuta ilə yerləşdirməyə başadı. Lakin, ötən il manatla yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri artmağa başladığı zaman əhalini yenidən manatla əmanət yerləşdirməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top