Xərçəngə qalib gələn qadın indi dünya səyahətinə çıxıb - FOTOLAR

Amerikalı alimlər yeni prosedur tətbiq edərək xəstəliyi terminal mərhələdə olan qadını döş xərçəngindən xilas ediblər. Xarici KİV xəbər verir ki, 3 ay ömrü qaldığı deyilən Cudi Perkins həmin müalicə metodu sayəsində artıq 2 ildir həyatdadır. Bədəninə 90 milyard ağ qan hüceyrəsi yeridilən Perkinsə immun sisteminə uyğun müalicə metodu tətbiq edilib.

Kimyəvi terapiyalara da cavab verməyən Cudinin xəstəliyi digər orqanlarına da yayılmışdı. Hətta qaraciyərində tennis topu böyüklüyündə şişlər əmələ gəlmişdi.

Dünyanın qabaqcıl xərçəng xəstəliyini araşdırma müəssisəsi olan Amerika Beynəlxalq Xərçəng İnstitutu Cudinin öz ağ qan hüceyrlələrindən istifadə edərək xüsusi dərmanlar hazırlayıb. Müalicə "düşmənini tanı" metodu ilə başladılıb.

Əvvəlcə şişin genetikası və keçirdiyi mutasiyalar öyrənilib. Bununla da xərçəngin immun sistemindəki görünüşü aydınlaşıb.

Xəstənin immun sistemi şişlərə qarşı mübarizə aparsa da, hüceyrələrlə xərçəng arasındakı savaşda zəifləyirdi. Perkinsin xəstəliyində 62 genetik anomaliyadan sadəcə 4-ü xərçəngə "hücum edəcək" vəziyyətdə olub.

Müayinə zamanı xərçəngi öldürə biləcək hüceyrələr seçilir. Sayı az olan həmin hüceyrələr laboratoriya şəraitində çoxaldılır. Perkinsin bədəninə yeridilən 90 milyard hüceyrəyə dəstək üçün dərman müalicəsi də tətbiq olunub.

Cudi müalicənin bitməsindən bir həftə sonra bədənində dəyişiklik hiss etdiyini bildirib: "Sinəmdəki şişin getdikcə balacalaşdığını hiss edirdim. Bir-iki həftə sonra isə tamamilə yox oldu".

Həkimlərin "sağala bilərsən" sözlərindən sonra sevincindən nə edəcəyini bilməyən Cudi hazırda dünya səyahətinə çıxıb.

Həkimlər tətbiq edilən metodun bütün xəstələrdə eyni nəticəni verib-verməyəcəyini aydınlaşdırmağa çalışır. Bununla belə "hər xərçəng xəstəsinə xüsusi dərman müalicəsi"nin yeni addım olduğunu müdafiə edirlər və bu metodun dünyada xərçəngin müalicəsində yeni cığır aça biləcəyini düşünürlər. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top