Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında muxtar respublikanın cənub-şərq istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkərək, yeni strateji yüksəklikləri tutması barədə Ermənistan mətbuatı uydurma məlumatlar yayıb.
Qəribədir ki, Ermənistan mətbuatının təxribat məqsədi ilə yaydığı bu məlumatı Azərbaycan mətbuatı da yayır.
Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Yeniavaz.com saytına açıqlamasında məsələnin pərdəarxası məqamlarından danışıb: "Əvvəla, onu deyim ki, bu başdan ayağa təxribatdır və Azərbaycan ordusuna atılan böhtandır, erməninin dəyirmanına su tökməkdir.
Biz o qədərmi ağılsızıq ki, Rusiyanın bölgəyə müdaxiləsinə imkan yarada biləcək addımlar ataq və Naxçıvan səmtindən Ermənistana hücum edək? Əgər elə potensialımız varsa - mənim buna şübhəm yoxdur - işğal edilmiş torpaqlarımıza hücum həyata keçirə bilərik ki, bunu da etmirik. Naxçıvan istiqamətində neytral sahədə yeni istehkamlar tikilirsə, bu, Azərbaycan ordusunun irəliləməsi kimi təqdim edilə bilməz".
Sabiq dövlət müşavirinin sözlərinə görə, Azərbaycan ordusunun bəzi yüksəkliklərdə mühəndis istehkam qurğuları tikməsini Ermənistan ərazilərinə irəliləmək kimi təqdim etmək Ermənistan provokasiyasına şərait yaratmaq deməkdir: "Ermənilər hər cür provokasiyaya hazırdırlar. Ermənistan hər vasitə ilə Rusiyanı Azərbaycanın dırnaqarası hərəkətləri barədə provokasiyaya çəkməyə çalışır. Ordumuzun Naxçıvan istiqamətində irəliləməsi barədə xəbərlər başdan ayağa ağ yalandır, ermənilərin son zamanlar Naxçıvan barədə yaymağa çalışdıqları, yəni Naxçıvanı da Ermənistana birləşdirmək kimi sarsaq fikirlərinə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan ordusu status-kvonu ciddi surətdə gözləyir. Bu gün çox gözəl şərait yetişib, məsələn, Xankəndində hazırda ara qarışıb, it yiyəsini tanımır. Paşinyan məxməri inqilabını və Qarabağ klanına qarşı mübarizəsini qondarma Dağlıq Qarabağ respublikasının ərazisinə, onun mərkəzi Xankəndinə yönəldib. Azərbaycan ordusu ermənilərin hakimiyyət davasının yaratdığı şəraitdən yararlanaraq, istəsəydi, hücum əməliyyatlarını öz ərazimizdə, yəni işğal edilmiş torpaqlarımızın qaytarılması ilə həyata keçirə bilərdi, ancaq hələlik bunu etmir. Ona görə də Naxçıvan istiqamətində yayılan uydurma informasiyalar Azərbaycan ordusuna qarşı, Azərbaycanın yeritdiyi siyasətə qarşı atılan böhtandan başqa bir şey deyil".
Azərbaycan mətbuatının bu tip uydurma xəbərləri yaymasına münasibət bildirən Qabil Hüseynli: "Müdafiə Nazirliyi bir neçə ay bundan əvvəl saytlara, qəzetlərə xəbərdarlıq edib. Həmin xəbərdarlıqda bildirilib ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaymadığı məlumatları yaymayın. Üstəlik, Müdafiə Nazirliyinin mətbuat xidməti son günlər Naxçıvan istiqamətində guya ordumuzun irəliləməsi ilə əlaqəli xəbərlərlə bağlı mətbuat üçün press-reliz yayıb və açıqlayıb ki, əslində məsələlər nədən ibarətdir.
Əgər biz məlumatları Ermənistan mətbuatına istinadən Azərbaycanda ictimai rəyə çevirməyə çalışacağıqsa, deməli, erməninin dəyirmanına su tökməyə başlayacağıq. Bu heç bir məntiqə, milli maraqlara sığmayan bir addımdır, mən bunu qətiyyətlə pisləyirəm",-deyib.