Təhsil Nazirliyi: "Məktəblərdə barama saxlanılması barədə məlumatlar araşdırılır"

Orta məktəblərin idman zalında, bəzi boş sinif otaqlarında barama qurdlarının saxlanılması ilə bağlı sosial şəbəkələrdə, saytlarda məlumatlar yayılıb.

Bəs Təhsil Nazirliyi bu xəbərlərlə bağlı araşdırma aparırmı?

Bununla bağlı Yeniavaz.com saytının suallarını Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov cavablandırıb.

Onun sözlərinə görə, Təhsil Nazirliyi bu tip məlumatlar yayıldıqca həssaslıq nümayiş etdirir: "Şübhəsiz ki, belə məlumatlar yayıldıqca araşdırma aparılır. Araşdırılmalardan sonra müvafiq olaraq məsələlər öz həllini tapır".

C. Valehov bildirib ki, yayılan məlumat təsdiqini tapırsa, lazımi addımlar atılır: "Belə məlumatlarla bağlı Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi araşdırma aparır və müvafiq olaraq məktəb direktoru, Təhsil Şöbəsi araşdırmaya cəlb olunur. Əgər həqiqətən məktəbdə barama qurdu saxlanılırsa, o zaman digər yerlərə köçürülür".

"Araşdırma zamanı baramaların kimə məxsus olduğu müəyyənləşirmi?" sualımıza nazirlik rəsmisinin cavabı belə oldu: "Əlbəttə. Ancaq mən detallarını bilmirəm. Mən indi işdən çıxdım, lazım olsa, birinci gün əlaqə saxlayaq, məlumat verim".

Qeyd edək ki, Balakəndə orta məktəbin idman xalında, ondan öncə isə Füzulinin Haramı adlanan bölgəsində məcburi köçkünlər üçün salınan "Qayıdış" qəsəbələrindəki məktəblərin içində ipək qurdu saxlanılması barədə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top