Adı universitetdə gedib, özü dərsə gəlməyən tələbələr - "Aylıq verirlər"

"Bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird var. Bu o deməkdir ki, 1,6 milyon şagird gündəlik siniflərdə olmalıdır, amma belə deyil. Məsələn, mənim konkret olaraq Neftçala rayonunda tanıdığım bir neçə məktəb var ki, uşaqların adı gedir, amma özləri Bakıda hazırlıqda olurlar, yaxud başqa yerdədilər". Bu fikirləri Yeniavaz.com saytına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

"Uşaqların hansından soruşursan "ay bala, sən burda neyləyirsən, bildirir ki, adım rayon məktəbindədir",-deyə K. Əsədov vurğulayıb.

Ekspertin sözlərinə görə, bu proses müəllimlər arasında da var: "Təəssüflər olsun ki, bu gün orta ixtisas təhsili müəssisələrimizdə, ali təhsil müəssisələrimizdə, orta məktəblərdə çalışan müəllimlər var ki, oranın rəhbəri ilə danışırlar, ancaq dərsə gətmirlər. Razılığa gəlirlər və əmək haqqının müəyyən hissəsini verirlər onu əvəz edən müəllimə, digər hissəsi isə direktora çatır. Təəssüf, müəyyən insanlar var ki, müəllim kimi çalışmaq ona bankdan kredit götürmək və yaxud digər ehtiyaclarını ödəmək üçün lazımdır. Onların bəzilərinə staj lazımdır ki, sonradan başqa sahəyə keçəndə sənəddə işlədikləri görünsün.

Bu kimi hallar ali təhsil müəssisələrində də var. Mən sizə əminliklə deyirəm ki, adı universitetlərdə rəhbər postlarda - kafedra müdiri, dekan, professor, dossent kimi gedən o qədər deputat var ki, aylarla, illərlə universitetlərə gəlmirlər.

Onların dərslərini kafedranın digər əməkdaşları deyirlər. Siz gedib cədvələ baxsanız görərsiniz ki, adı jurnalda gedir, amma bütün tədris ili boyu tələbələrin heç biri həmin müəllimin üzünü belə görmürlər. Təbii ki, onlar aylığa çıxmırlar, onların vəzifələri var, rektorlar onlara şərait yaradırlar. Eyni hal digər şəxslərə də aiddir. Onlar bu və ya digər formada razılaşırlar".

Kamran Əsədov bildirir ki, bu halları aradan qaldırmaq üçün çox rahat bir qayda var: "Universitetlerdə, kolleclərdə və məktəblərdə turniketler olmalıdır. Hər bir əməkdaşa və yaxud məktəb şagirdinə istifadəçi adı verilməlidir və oradan keçəndə əl izindən istifadə olunmalıdır ki, giriş-çıxışda bir dəfə əllərini bassınlar keçid düyməsinə və məlum olsun ki, həmin şəxsin özüdür, ya yox.

Bu gün icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, digər icraçı orqanlarda çalışan şəxslər var ki, adları təhsil müəssisələrində müəllim olaraq gedir, amma özləri ora gəlmirlər. Halbuki onlar dövlət büdcəsindən vəsait alırlar. Əvəzində isə bu işə ehtiyacı olan perspektivli şəxslər kənarda qalırlar. Ona görə də əl izi ilə çox rahat bir şəkildə keçid qoymaqla məsələni həll etmək olar. Dünyada da bu təcrübədən istifadə olunur. Əgər biz kart vasitəsi ilə keçid eləsək, onlar mühafizəçiyə, digər əməkdaşa həmin kartı verəcəklər, ancaq özləri gəlməyəcəklər. Əl izinin oxşarı yoxdur. Müəllimin, tələbənin dərs vaxtında orada olmasını müəyyən etmək üçün bu qaydanın tətbiqi bilavasitə köməkçi ola bilər. Bakıdakı universitetlərdə yoxdur demirəm, amma regionlarda yerləşən ali təhsil müəssisələrində, kolleclərdə, peşə məktəblərində dərsə gəlməmək, aylığa çıxmaq adi hala çevrilib. Aylıq müəyyən vəsaitin qarşılığında tələbələr dərsdə iştirak eləmirlər, əvəzində dekana, kafedra müdirinə, müəllimlərə pul verirlər. Bu hallar var və heç kim deyə bilməz ki, yoxdur. Prosesin aradan qaldırılması mexanizmini də dedim. Bu, nəticə etibarı ilə çox ciddi bir qüsurdur, kimsə birbaşa aktiv iştrak etmir, dövlətdən pul alır. Kimsə dərsdə iştirak eləmir, amma diplom alır. Sabah əmək bazarının tələbinə cavab verməyən işçi olacaq. Bu, qeyri-ciddiliyi ortaya qoyur. Təsəvvür edin, bir müəllim dərs deməlidir, amma perpektivsiz biri dərs keçir və nəticədə təhsilimizin keyfiyyəti aşağı düşür".

DİGƏR XƏBƏRLƏR

Top