"Müəllimlərin DQ imtahanında ananın yerinə QIZI GİRMƏYƏ CƏHD EDİB"

"Müəllimlərimiz bizi nəticələri ilə təəssüf və təəccübləndirməkdə davam edir. Bildiyiniz kimi, 26 maydan Təhsil Nazirliyi orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirməsini (DQ) keçirir. 29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib. 2 nəfər müəllim qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Onların hər ikisi qulaqcıqdan istifadə etməklə telefonla danışaraq sualları cavablandırmağa cəhd ediblər. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləridir". Yeniavaz.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov açıqlayıb.

"Bundan əlavə, bir nəfər gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Səbəbini soruşduqda isə bu hərəkətini anasının gələ bilməməsi, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istəməsi ilə əsaslandırmağa çalışıb. Təbii ki, həmin gənc xanımın "səlahiyyətli nümayəndə" qismində imtahanda iştirakına icazə verilməyib.

60 balı Bakıdakı orta məktəblərdən birinin riyaziyyat müəllimi toplaya bilib. Yəni 20 min müəllimin içərisində cəmi bir nəfər. 29 may tarixində keçirilmiş imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub. 55 nəfər 10 baldan aşağı nəticə göstərib. Lakin təəssüflə qeyd olunmalıdır ki, imtahan iştirakçıları bir sıra hallarda etimadın zəifləməsi üçün var gücləri ilə çalışırlar. İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinməyə başlanıb. Bu onu göstərir ki, təhsil sistemində aparılan islahatlara layiq olmayan, təsadüfi şəxslər hələ də orta məktəblərdə çalışırlar. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər. Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik, ümid edirik",-deyə Kamran Əsədov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top