Bakıda şəhid xanımı şam işığında yaşayır - "Azərişıq" sayğac qoymur

Bakının Xətai rayonu, Zığ yolu 31, mənzil 34 ünvanında yaşayan şəhid xanımı Abidə Əliyeva Yeniavaz.com saytına müraciət edib.

A. Əliyeva mənzilinə sayğac qoyulmaması səbəbindən günlərdir şam işığında yaşadıqlarını deyib: "Həyat yoldaşım Elçin Əliyev 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O vaxt biz qayınanam və qayınatamla birgə yaşayırdıq. Lakin sonradan müxtəlif problemlər oldu və mənzil məhkəmənin qərarı ilə aramızda bölündü. 2001-ci ildən isə kommunal xidmətlərin ayrılması barədə Xətai rayon məhkəməsinin qərarı var. Ancaq ötən 17 il ərzində mənzilin mənə düşən hissəsinə hələ də sayğac qoyulmayıb".

A. Əliyevə deyib ki, bunun üçün lazım olan sənədləri "Azərişıq" ASC-nin Xətai Rayon Enerji Təchizatı və satışı İdarəsinə dəfələrlə təqdim edib, lakin sayğac qoyulmayıb: "Qayınanam və qayınatam dünyalarını dəyişiblər, indi mənzilin onlara aid hissəsi vərəsələrinə verilib. Bu illər ərzində mən çox istədim ki, bizə ayrıca sayğac qoyulsun, lakin qoymadılar. Məcbur qalıb onların sayğacından istifadə etdim, öz istifadə etdiyim elektrik enerjisinin dəyərini vaxtında ödədim. İndi onların köhnədən qalma 500 manat borcunu əsas gətirib sayğacı söküb aparıblar, biz isə qalmışıq işıqsız.

"Azərişıq" ASC-nin Xətai Rayon Enerji Təchizatı və satışı İdarəsindən bizə deyirlər ki, gətirin bizə dəxli olmayan 500 manat borcu ödəyin, sayğacı qaytaraq yerinə. Mən də deyirəm ki, o borcun mənə dəxli yoxdur, mənzilimə ayrıca sayğac qoyun. Tələbimə baxan yoxdur".

Abidə Əliyeva bildirib ki, evinə elektrik enerjisi verilmədiyindən gecələr şam işığında qalmağa məcbur olublar: "Gecələr evimizdə göz-gözü görmür. Tələbimiz, istəyimiz budur ki, evimizə ayrıca sayğac qoyulsun".

Yeniavaz.com olaraq məsələ ilə bağlı "Azərişıq" ASC-nin Xətai Rayon Enerji Təchizatı və satışı İdarəsi ilə əlaqə saxladıq. İdarənin Elnur adlı şöbə müdiri sayğacın qoyulması üçün şəhid xanımının "ASAN Kommunal" mərkəzlərinə müraciət etməsinin vacibliyini bildirdi.

"Axı mənzilin onlara düşən hissəsinə sayğac qoyulması ilə bağlı 17 il öncədən qərar var, niyə icra olunmayıb?" sualımıza idarə əməkdaşının cavabı belə oldu: "Mənim bundan xəbərim yox idi, sabah saat 9-da gəlsinlər bizim idarəyə, araşdırıb tədbir görərik".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top