Nə becərməliyik: meyvə-tərəvəz, yoxsa pambıq? - ANALİZ

Azərbaycan xarci ölkələrə neft, təbii qaz və neft məhsullarından sonra ən çox meyvə və tərəvəz ixrac edir. Yeniavaz.com Dövlət Gömrük Komitəsinin bu ilin ilk 4 ayı üçün açıqladığı sonuncu hesabata istinadən bildirir ki, xarici ölkələrə 111 milyon dollar dəyərində 104,3 min ton meyvə-tərəvəz ixrac olunub. Müqayisə üçün deyək ki, 4 ay ərzində ixrac etdiyimiz neft məhsullarının dəyəri 181,7 milyon dollar təkil edib. Hətta ötən ilin yekununda ixrac olunan meyvə-tərəvəzin dəyəri neft məhsullarından da yüksək olub.

Məlumat üçün onu da bildirək ki, 2017-ci il ərzində xarici ölkələrə 502,8 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac olunub. Əvvəlki illə müqayisədə ötən il meyvə-tərəvəzin ixracı 35% artıb. Halbuki digər ixrac etdiyimiz qeyri-neft məhsullarının əksəriyyətində ya azalma, ya da cüzi artım baş verib. Meyvə-tərəvəzin ümumi ixracdakı payı isə 3,6% olub və neft və təbii qazdan sonra ən yüksək göstərici olub. Hətta neft məhsullarından da çox ixrac edilib.

Qeyri-neft məhsullarının ixracda meyvə-tərəvəzin ən yaxın izləyicisi alüminium və ondan hazırlanan məmulatlar olub ki, bu məhsulun ixracı dəyər baxımından meyvə-tərəvəz ixracında 4 dəfədən çox az olub. Belə ki, 2017-ci ildə xaricə 117,7 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Təkcə bu rəqəmlər meyvə-tərəvəzin Azərbaycan iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli bir məhsul olduğunu göstərir. Rəqəmlərdən belə görünür ki, qeyri-neft məhsulları arasında ölkəyə valyuta gətirə biləcək əsas məhsul meyvə-tərəvəzdir.

Son bir il ərzində ixrac etdiyimiz pambıq lifinin dəyəri meyvə-tərəvəzlə müqayisədə 15 dəfə az - 33,7 milyon dollar, pambıq ipliyinin dəyəri isə 31,6 dəfə az - cəmi 15,9 milyon dollar olub.

Meyvə-tərəvəz ixracının əsas üstünlüklərindən biri də odur ki, bu məhsullar əsasən qonşu Rusiya bazarlarına göndərilir. 2017-ci ildə ixrac edilən qeyru-neft məhsullarının 1/3-i və ya 553 milyon dolları Rusiyanın payına düşüb. Rusiya ilə ərazi yaxınlığımız və keçmiş Sovetlər Birliyindən qalan nəqliyyat infrasturukturu imkan verir ki, meyvə-tərəvəz daha asan və ucuz qiymətə daşınsın.

Əsas məqamlardan biri də odur ki, Rusiyaya ixrac etdiyimiz meyvə-tərəvəzi bu ölkədə əsasən Azərbaycan vətəndaşları satırlar. Yəni belə demək mümkündürsə meyvə-tərəvəz ixracından əldə etdiyimiz gəlir, təkcə bu məhsulun topdan satışından əldə olunan qazancla məhdudlaşmır, bu məhsulun pərəkənda satışından əldə olunan qazancın da müəyyən bir hissəsi Azərbaycana daxil olur.

Bir məsələni də qeyd edək ki, digər kənd təsərrüfat məhsullarından fərqli olaraq Azərbaycan meyvə-tərəvəzə olan ehtiyacını tamamilə daxili istehsal hesabına təmin edə bilir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda qeyd olunur ki, Azərbaycanda meyvəyə olan illik təlabət 800 min ton olduğu halda, ötən il 954,8 min ton meyvə istehsal olunub. Tərəvəz və bostan bitkilərinə olan tələb 1 milyon 720 min ton olduğu halda, ötən il 1 milyon 843,7 min ton tərəvəz və bostan bitkiləri istehsal olunub.

DİGƏR XƏBƏRLƏR

Top