Azərbaycanda xəstəni xilas edə bilməyib döyülən həkimlər - SİYAHI

Xəbər verildiyi kimi, paytaxtın Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən "Loğman" klinikasında xəstənin qızı ilə heyət üzvləri arasında əlbəyaxa dava düşüb. Hadisəyə səbəb isə əməliyyat vaxtının 1 saat gec olması olub.

Bu hadisə çoxlarının marağına və təəccübünə səbəb olub.

Qeyd edək ki, bu, Azərbaycanda ilk belə hadisə deyil. Yeniavaz.com saytı xəstəni xilas edə bilmədikləri əsas gətirilib döyülən həkimlərin siyahısını təqdim edir.

Bir müddət öncə Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

Hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb. Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb. Həkim polisə şikayət edib.

Lənkəranda təcili yardım həkimini döyərək xəstəxanalıq ediblər. Tibbi maşına da ziyan vurublar.

Hadisə Lənkərandakı şadlıq saraylarından birinin həyətində baş verib. Toya gələn qonaqlardan biri, şəhər sakini 60 yaşlı Xeyrannisə Axundovanın halı qəfil pisləşıb. Qadına yardım göstərilməsi üçün qohumları təcili tibbi yardıma zəng ediblər. Lakin hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, 29 yaşlı Vüsal Həsənov xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən sarayın həyətində döyülüb.

Akademik M. A. Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində də həkim döyülmüşdü. Həkim Əliyev Zaur Mübariz oğlu xəstəsinin qohumu, Muxtarov Vüsal Mehdibala oğlu tərəfindən vurulmuşdu. Həkim məhkəmə tibbi ekspertizasından keçib.

Bakıda təcili yardım briqadasının həkimi və tibb bacısı döyülüb. Hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb. Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının briqadası Sulutəpədə onkoloji xəstə olan 1941-ci il təvəllüdlü Pirməmməd İmanova yardım göstərməyə gediblər. Lakin hər cür cəhd göstəsələr də, xəstə dünyasını dəyişib.

Lakin xəstənin qohumları vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də həkimi döyüblər.

Mingəçevir şəhər sakini, 1968-ci il təvəllüdlü İlyasov Bilal İlyas oğlunun vəziyyəti ürək xəstəliyi ilə əlaqədar qəflətən pisləşdiyi üçün onun yaxınları Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimini evə dəvət ediblər. Həkim xəstəyə ilkin tibbi yardım göstərsə də, xəstə dünyasını dəyişib.

Vəfat edən insanın qardaşı həkimə hücum edərək, ona ağır bədən xəsarətləri yetirib.

Paytaxtın Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası restoranların birinin həyətində döyülüb. Hadisə "Pion Palace"ın həyətində qeydə alınıb. Adıçəkilən əraziyə çağırışa gedən 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva gözləmədikləri vəziyyətlə üzləşiblər.

Zərərçəkənlər içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər sərxoş şəxsin onlara müxtəlif bədən xəsarətləri yetirdiklərini bildiriblər.

Tovuz Rayon Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsinə mütəmadi olaraq zəng edən şəxs gec cavab verildiyinə görə bir neçə nəfərlə xəstəxanaya gəlib və orada dava salıb. Nəticədə şöbənin həkimi, 1956-cı il təvəllüdlü Əliyev Eldəniz İbrahim oğlu və tibb bacısı Əjdərova Məkanə yumruq və sillə xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının işçiləri - tibb bacısı və sürücünün dünyasını dəyişən xəstənin yaxınları tərəfindən döyülməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Xəstə üstünə gedən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları onların yaxınları tərəfindən döyülüb.

Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Psixiotrik Xəstəxanasında dava baş verib. Xəstəxananın şöbə müdiri Zeynəbxanım Səmədova xəstə yaxınlarından biri tərəfindən döyülüb. Xəsarət alan şöbə müdiri polisə müraciət edib. Şöbə müdiri xəstəxanada müalicə olunan 1928-ci il təvəllüdlü Məmmədağa Dadaşovun qızı Natiqə Əliyeva tərəfindən döyüldüyünü bildirib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasında sərxoş şəxsin iştirakı ilə insident yaşanıb. Bakı-Qazax magistral yolunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Zeynalov sərxoş olub-olmaması üçün xəstəxanaya gətirilib.

Lakin A.Zeynalov tibb müəssisəsində tibb işçilərinə etiraz edib və onlarla əlbəyaxa olub. İnsident nəticəsində sərxoş şəxs tibb işçilərinə xəsarət yetirib. Bununla kifayətlənməyən A. Zeynalov xəstəxananın pəncərələrini də qırıb.

Bərdə rayonu Soğanverdilər kəndində məskunlaşan Ağdam rayon Xıdırlı kənd sakini, 51 yaşlı Mehtiyev Musa Zakir oğlunun insult keçirdiyini hiss edən yaxınları Ağdam Təcili-Tibbi Yardım Şöbəsinə zəng edib. Tibb işçiləri hadisə yerinə çatanadək M. Mehtiyev dünyasını dəyişib. Buna qəzəblənən mərhumun yaxınları Ağdam Mərkəzi Rayon Xəstəxanasına gəliblər və nəticədə burada münaqişə yaranıb.

3 saylı Sabunçu Klinik Xəstəxanasında həkim xəstə yaxınları tərəfindən döyülüb. Üç-dörd nəfər naməlum şəxs qohumlarının xəstəxanada ölməsinə etiraz edib. Həmin şəxslər daha sonra xəstəxananın həkimi, 50 yaşlı Sevda Hüseynovanı döyüblər.

Gəncə şəhərində yerləşən "Yeni Gəncə" tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölməsindən sonra xəstənin yaxınları həkim-anesteziloqa hücum edib, onu döyüblər.

DİGƏR XƏBƏRLƏR

Top