"Facebook" Azərbaycanda onların həyatına bəla gətirdi: qətl, soyğun, həbs...

Azərbaycanda "Facebook"da tanış olub evlənənlərin sayı getdikcə artır. İllərdir bir-birini axtarıb "Facebook"da tapan köhnə tanışlar, burada münasibət qurub real həyatda dost olanlar da az deyil. İşin müsbət tərəfi olduğu kimi, "Facebook"da tanış olduqları insanlara qarşı dələduzluq edənlər, cinayət törədənlər də az deyil.

Təəssüf ki, bu bir çox insanlar üçün dərs olmur, onlar baş verənlərdən nəticə çıxarmırlar. Yeniavaz.com saytı son illər Azərbaycanda "Facebook"dan başlayan tanışlıqlar ucbatından baş vermiş cinayət hadisələrini təqdim edir...

Bir müddət öncə Ağdaş rayonunun mərkəzində "Facebook" tanışlığına görə dəhşətli qətl törədilmişdi.

Rayon sakini Rəvan Bağırov ov tüfəngindən açdığı atəşlə həmyerlisi, 1991-ci il təvəllüdlü Kamil İsmayılovu vuraraq öldürüb. Hadisəyə səbəb Rəvan Bağırovun həyat yoldaşı Röyanın "Facebook"da Kamil İsmayılovla tanış olması olub.

Daha bir dəhşətli qətl isə Bakının Nəsimi rayonunda baş vermişdi.

Hadisə "Memar Əcəmi" metrosu qarşısında qeydə alınmışdı. 1995-ci il təvəllüdlü Ələkbər Muxtarov metronun qarşısında bıçaqlanaraq öldürülmüşdü. Ələkbər Muxtarovun öldürülməsinə "Facebook" sosial şəbəkəsində tanış olduğu qız olmuşdu.

Belə ki, Ələkbər Muxtarov sosial şəbəkədə qızla tanış olub və onunla metronun qarşısında görüş təyin edib. Metronun qarşısına gələn Ələkbər qızın mobil telefona SMS yazıb. Həmin vaxt isə nömrəyə oğlan cavab verib və görüş yerində qarşılaşıblar.

Qızın əvəzinə gələn oğlan Ələkbər Muxtarova ürək nahiyəsindən bıçaqla vurub.

"Facebook"la bağlı daha bir cinayət hadisəsini İmişli rayonu Bəhramtəpə qəsəbəsində anadan olmuş 1982-ci il təvəllüdlü Zamiq Paşayev törədib.

Z. Paşayev Samirə Əliyeva (ad və soyad şərti verilib) ilə sosial şəbəkədə tanış olub.

O, Samirə Əliyevanı cinsi əlaqədə olmaq üçün Biləcəri qəsəbəsində kirayədə qaldığı evə dəvət edib və onu döyərək ağır bədən xəsarətləri yetirib.

Bakının Səbail rayonunda isə 23 yaşlı oğlan "Facebook"da tanış olduğu qıza görə intihara cəhd edib. Belə ki, Ümid Kərimov şüşə parçası ilə damarlarını doğrayıb. Ümid Kərimov hadisədən əvvəl "Facebook"da tanış olduğu qızla telefonda mübahisə edib. O, tanış olduğu qızı görüşə çağırıb, amma qız görüş yerinə gəlməyib. Həyatdan bezdiyini bildirən Ümid Kərimov bu yola əl atıb.

Bakı şəhər sakini Rafiq Məmmədov isə bir müddət əvvəl Nizami rayon polis bölməsinə ərizə ilə müraciət edib.

Şikayətçi sosial şəbəkədə tanış olduğu Cahangir adlı şəxsin onu soyduğunu bildirib.

Belə ki, oğru Rafiq Məmmədovu döyərək ona məxsus mobil telefon, 160 AZN pul və gödəkcəsini aparıb. Daxil olan şikayət əsasında Nizami rayon 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarışları nəticəsində Cahangir Şükürlü saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Türkiyə vətəndaşı Hasan Culha isə Kürdəmirdən olan Həsənova Vəfa tərəfindən aldadıldığını və pulunun mənimsənildiyini deyib: "Üç uşaq atasıyam, həyat yoldaşımdan boşanmış və övladlarıma həm ana, həm də ata olmuşam. Sosial şəbəkələrlə maraqlanan insan olaraq Azərbaycan vətəndaşı, Kürdəmir rayonunda yaşayan Həsənova Vəfa Heybət qızı ilə tanış olmuş, səmimi etiraf edim ki, sosial şəbəbkədə Vəfa xanım haqqında olan məlumatlar məni maraqlandırmış, nəhayyət, Vəfa xanımla sosial şəbəkədə əlaqə yaratmış, onunla ailə quracağım qərarına gəlmişəm. Bir müddətdən sonra Vəfa xanım məndən pul istəmiş, pulla anasının gözlərində əməliyyat aparılacağını, bir hissəsinə isə qızı üçün toy ləvazimatı alacağını deyib. Ona 3000 ABŞ dolları pul göndərdim. Sonradan məlum oldu ki, Vəfa xanım ailə həyatı qurmayıb, heç bir övladı yoxdur".

Bakının Nəsimi rayonunda isə bir müddət öncə gənc qız şantaj olunması ilə bağlı polisə şikayət edib. Samirə Əliyeva (ad və soyad şərti verilib -H. Z.) Bakı şəhər sakini Rövşən Xankişiyev tərəfindən şantaj edilib. Samirə Əliyeva bir müddət əvvəl sosial şəbəkədə Rövşən Xankişiyevlə tanış olub. Onların münasibətləri daha da istiləşib... Sonra o, Samirəni şantaj edib.

Rövşən Xankişiyev Samirədən şəkillərini sosial şəbəkədə yaymamaq üçün 1000 manat verməsini tələb edib, Samirəni döyüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xankişiyev tutulub.

Daha bir cinayət hadisəsini Ağdam rayon sakini, 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə və Naxçıvan şəhər sakini, 1994-cü il təvəllüdlü Cahangir Eyvazov törədiblər.

Cahangir Eyvazov "Facebook" sosial şəbəkəsində Sevda Məmmədova (ad və soyad şərti göstərilib) ilə tanış olub. O, Sevdanı onu sevdiyinə inandırıb. Cahangir mütəmadi olaraq Sevda Məmmədova ilə görüşüb və onunla ünsiyyət yaradıb. O, Sevdanı onunla evlənəcəyinə inandırıb. Bununla da o, Sevdanın etibarını qazandıqdan sonra qızı aldatmağa başlayıb.

Ümumilikdə o, sevdiyi qızın 6620 manatını ələ keçirib.

"Facebook"da başqa səbəblərdən barələrində cinayət işi açılanlar da var. Məsələn, bir müddət öncə Sumqayıt şəhər sakini, Qaydasız Döyüş üzrə Azərbaycan çempionu olmuş Nəvai Kazımova qarşı cinayət işi qaldırılıb. Səbəb isə onun "Facebook" sosial şəbəkəsində təhqir və böhtan xarakterli məlumatlar yayması göstərilib.

Astara rayon məhkəməsi isə banklardan birinin "Lənkəran" filialının keçmiş əməkdaşı Mikayıl Talıbovu Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə (bankın ünvanına söylədiyi böhtana görə) təqsirli bilib və onun haqqında 1 il müddətində islahedici əmək qismində cəza çıxarıb.

Məhkəmənin hökmünə əsasən M. Talıbov "Facebook" sosial şəbəkəsində bankın ünvanına söylədiyi yalnış informasiyaları təkzib etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top