"İllərdir qorxulu dediyimiz hadisələr yavaş-yavaş yaxınlaşır"

"Ətrafımızda baş verən hadisələr qətiyyən imkan vermir ki, biganə qalaq. Münəccimlikdən, öncəgörmədən uzaq adam olsam da, hiss edirəm ki, qarşıda bizi o qədər çətin, o qədər mürəkkəb hadisələr gözləyir ki, yaşadığımız bu günlərdə bəzən itirdiyimiz vaxtlara görə özümüzü o qədər qınayacağıq ki, təəssüf ki, çox gec olacaq. Necə ki, indi bir vaxtlar əldən verdiyimiz qızıl kimi fürsətlərə, imkanlara və dəyər vermədiyimiz insanlara görə özümüzü qınayırıq".

Yeniavaz.com saytı xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Üzeyir Cəfərov fikirlərini belə əsaslandırıb: "Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Soçi şəhərindən qayıdar-qayıtmaz Amerikanın İrəvanda oturan səfiri Riçard Milzin təkidi ilə görüşüblər. Özü də, bu görüş iki ölkədən daha çox Türkiyə və Azərbaycanla bağlı bir sıra məqamları ilə diqqəti cəlb edir.

ABŞ və Rusiya arasında Paşinyanı, bütövlükdə Ermənistanı öz orbitlərində saxlamaq üçün çox qızğın mübarizə gedir. Və bu erməni quldurbaşı da çalışır ki, vəziyyətdən maksimum istifadə etsin. Və yəqin ki, istifadə edəcək və məqsədlərinə tam da olmasa müəyyən mənada nail olacaq. Bu münasibətlərin Azərbaycan üçün ən təhlükəsi və risklisi Qarabağla bağlı olan məsələdir. Bizim uzun illərdir dediyimiz, yazdığımız və həyacanla dilə gətirdiyimiz qorxulu hadisələr deyəsən, yavaş-yavaş tam açıq müstəvidə özünü göstərir.

Böyük güclər, başda Rusiya və Amerika, hələ üstəlik də Fransa da ardınca Azərbaycana Qarabağla bağlı elə bir "kompromis təklif" təklif edəcəklər ki, sadəcə idman termini ilə desək, biz mat qalacağıq! Görün, dünən Paşinyanın amerika diplomatı ilə görüşdə ən çox vurğuladığı məsələ, Ermənistanın guya iki "düşmən dövlət" - Türkiyə və Azərbaycan arasında qalması və hər mənada əziyyət çəkməsi faktını önə çıxartmasıdır. Həyasız erməni 3 gün bundan qabağ Soçidə Rusiya prezidenti Putinə diferambalar səsləndirirdisə, dünən Amerikadan daha böyük Maliyyə və mənəvi dəstəkləri gözlədiyini dilə gətirib.

Mən inanıram ki, 2018-ci ilin yaxın aylarında Ermənistanın hazırkı faktiki ağası və rəhbəri Paşinyan Trampın yanına çağırılacaq və ona bütün qaldırılacaq məsələlər ilə bağlı lazım olan qarantiyalar veriləcək. Şəxsən mənim üçün, qəribə səslənsə də, Azərbaycanla bağlı həddindən çox ağır dönəmlər başlayacaq. Buna indidən hazır olmaq gərəkdir və Xarici İşlər Nazirliyi səviyyəsində qabaqlayıcı addımlar atılmalıdır. Daha dünənki kimi yox da. Bir həftədir Türkiyə dövləti ABŞ-ın səfirliyini Qüdsə köçürmək ilə bağlı səsləndirdiyi etiraz bəyanatlarından sonra, yalnız dünən nəhayət ki, Azərbaycan XİN öz etirazını bildirdi. Əziz diplomatlar, məgər 3-5 gün sizin üçün o qədər çətindir ki, siz bu işləri bu qədər ləng edirsiniz? Axı, çevik diplomatiya bir qədər fərqli anlayışdır.

Azdan-çoxdan bizim də hərbi-siyasi təhsilimiz var və dünyada gedən prosesləri izləyir və təhlil edirik. Amma, bizim XİN-nin elə "prokolları", boşluqları var ki, onlar haqqında sadəcə açıq yazmaq istəmirəm. Onu sadəcə "fil qulağında yatmış diplomat və ya diplomatlar" edə bilərdilər, necə ki, etdilər.

Qayıdıram Paşinyanın son vaxtlar Azərbaycana yönəlik sərsəm bəyanatlarına və addımlarına. Onun yaramaz və cinayətkar Serj Sarkisyandan da çox radikal və proqnozlaşdırılmayan bir adam olması artıq hamıya gün kimi aydındır. Və daxili əminliyim onu deməyə tələsir ki, bu "küçə adamı" daxildə nə qələtlər edəcək, özü bilər. Və qoy nə qədər irili-xırdalı səhvlər edəcəksə, etsin. Amma Qarabağla bağlı onun edə biləcəyi isə "küçə adamı" olmasına rəğmən çox qorxulu və təhlükəlidir. Kim deyir ki, o heç nə edə bilməyəcək, məncə, onun addımlarını düzgün proqnozlaşdıra bilmir. Elə dünən Amerika səfiri də yəqin ki, ona öz dövləti adından bəzi təminatları və qarantiyaları səsləndirib.

Ən böyük qarantiyanı isə o bu il Vaşinqtonda yüksək səviyyədə keçiriləcək ABŞ hərbi-siyasi rəhbərləri ilə görüşdə alacaq. Buna qətiyyən şübhəniz olmasın. Ay ATƏT belə edəcək, BMT elə edəcək. Hamısı mənasız söhbətlərdir. Söhbət Azərbaycan dövlətinin və dövlətçiliyin, Xalq və Millət kimi bizim varlığımızin qalıb-qalmamasından gedir. Bu isə, hər şeyin fövqündə qalan məsələdir. Tanrı Azərbaycan Xalqını qorusun".

DİGƏR XƏBƏRLƏR

Top