Hafiz Hacıyevə nə olub? - Danışmaq istəmir

Vəzifədə olan, yaxud işdən çıxarılan nazir və icra başçılarını mətbuatda ən sərt tənqid edənlərdən biri də adətən Müasir Musavat partiyasının sədri Hafiz Hacıyev olur. Yeniavaz.com xatırladır ki, H. Hacıyevin ayrı-ayrı vaxtlarda tənqid etdiyi icra başçılarından biri də Binəqədinin dünən işdən çıxarılan başçısı Xaləddin İsgəndərov olub.

Məlumat üçün bildirək ki, Xaləddin İsgəndərov Binəqədidə hətta vaxtilə park olan yerlərin də tikinti şirkətlərinə satılmasına şərait yaradıb. Onun rəhbərliyi dövründə təkcə metronun "Azadlıq" stansiyasının yaxınlığında bir vaxtlar park olmuş böyük bir ərazi "Kristal Abşeron" şirkətinə satılıb və parkın yerində bina tikilib.

Həmin metronun üstündə - bir vaxtlar yaşıllıq olmuş ərazidə çoxlu sayda obyektlər tikilib. Onlardan tikintisi başa çatanlar da var, çatmayanlar da. Bundan başqa, metronun "Dərnəgül" stansiyasının yaxınlığında yerləşən Nəqliyyatın Mübadilə Mərkəzinin ərazisi və vaxtilə yaşıllıq olmuş yer də hasarlanıb və ağaclar yoxa çıxıb...

Bütün bu məsələlərlə bağlı Hafiz Hacıyevin də mövqeyini öyrənmək istədik. Lakin Hafiz müəllim hətta mövzumuzun nə olduğunu bilmədən belə danışmaq istəmədiyini dedi: "Mən hələ ki açıqlama vermək istəmirəm. Bu barədə bildirmişəm, nə əcəb xəbəriniz yoxdur?"

Hafiz müəllimə xəbərsiz olduğumuzu bildirdik.

"Hansı sualı verəcəyinizi bilmirəm. Yəni cavab verməməyim konkret mövzu ilə bağlı deyil. Ümumiyyətlə, açıqlama vermirəm. Müəyyən işlər var, bəzi məsələlər gözlənilir. Ondan sonra danışacam. Növbəti ayın 10-dan sonra zəng vurun, istənilən sualınızı cavablandırım. Ancaq indi belə məsləhətdir".

Hafiz bəy söhbətin nədən getdiyini açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top