İqtisadi böhran daşınmaz əmlak bazarını da çökdürüb

2016-cı ildə dünya və yerli iqtisadiyyatda müşahidə olunan böhran ölkəmizdən də yan keçmədi. Xüsusən, inşaat sektorunda müşahidə edilən zəifləmə digər sahələrə də təsirsiz ötüşmədi. Bəs daşınmaz əmlak bazarında vəziyyət nə yerdədir? Yay mövsümünün bitməsi daşınmaz əmlak bazarına hər hansı təsir göstərirmi? Mövzu ilə bağlı “Yeniavaz.az”a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Şamo Mikayılov bu sahədə durğunluq müşahidə olunduğunu dedi. Onun sözlərinə görə, bu passivliyin nəticəsi olaraq qiymətlərdə ucuzlaşma tendensiyası müşahidə olunmağa başlayıb: “Qiymətlər hələ ki, çox da ucuzlaşmayıb. Təxmini 5 faizə qədər ucuzlaşma olduğunu söyləmək olar. Həyət evlərinin, torpağın qiyməti də ucuzlaşır”.

“Keçən il bu vaxtı bazarda canlanma var idi, indi yoxdur”

Müsahibimizin sözlərinə görə, mövsümlə əlaqədar olaraq boş torpaq sahələrində inşaat işləri aparmaq bir qədər çətinləşdiyindən torpaq alanların da sayı azalır: “Bu isə qiymətlərə təsir edir. Torpaq da ucuzlaşmağa başlayıb”.

Ekspert də Azərbaycanda son dövrlər daşınmaz əmlak sektoruna iş adamları tərəfindən az yatırım qoyulduğunu düşünür: “Əvvəllər əlində pul olan adamlar 3-4 ev alıb verirdilər kirayə. Lakin indi belə adamların sayı azalıb. Belə məlumatlar var ki, indi bir çox imkanlı şəxslər daha çox Türkiyənin daşınmaz əmlak bazarına maraq göstərirlər. Rusiyadan, Ukraynadan ev alan soydaşlarımız da var, ancaq Türkiyəyə üz tutanlarla müqayisədə onların sayı elə də çox deyil”.

Ş. Mikayılovun dediyinə görə, ötən il bu vaxtı Azərbaycanda ev bazarında vəziyyət nisbətən yaxşı imiş: “Keçən il bu vaxtı bazarda canlanma var idi, ancaq indi yoxdur, vəziyyət əksinədir. Ötən il Rusiyadan və ya digər xarici ölkələrdən vətənimizə qayıdan soydaşlarımız da daşınmaz əmlak alırdılar”.

Mənzillər neçəyədir?

Hazırda Bakıda köhnə tikililərdə 1, 2, 3, 4 otaqlı mənzillərin qiyməti neçəyədir? Ekspert Şamo Mikayılov qiymətləri belə sıraladı: “Mən sizə Bakının mikrorayonları üzrə qiymətləri (eyni otaqlı mənzillərin qiymət fərqi təmirə və mərtəbəyə görə dəyişir) açıqlaya bilərəm. Belə ki, 5 mərtəbəli binalarda 1 otaqlı mənzillərin qiyməti 38-50 min manat arasında dəyişir.

Mikrorayonlarda eyni binalardan 2 otaqlı mənzilləri 50-70 min manata tapmaq olar. 5 mərtəbəli binalarda 3 otaqlı mənzillərin qiyməti isə 65-85 min manat arasında dəyişir. Bildiyiniz kimi, 5 mərtəbəli binalarda 4 otaqlı mənzil olmur”.

Mikrorayonlarda 9 mərtəbəli binalarda 1 otaqlı mənzillərin qiyməti 50-65 min manat arasında dəyişir. Həmin binalarda 2 otaqlı mənzillərin qiyməti 67-90 min, 3 otaqlı mənzillərin qiyməti 85-120 min manat arası dəyişir. Sözügedən binalarda 4 otaqlı mənzillərin qiyməti 90-130 min manat arası, 5 otaqlı mənzillərin qiyməti isə 115-150 min manat arasında dəyişir”.

“Yalançı proqnozlar daşınmaz əmlak bazarındakı vəziyyətə təsir edir”

Bəs qarşıdakı aylarda daşınmaz əmlak bazarında nə gözlənilir? Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Ceyhun Hüseynov proqnoz verməyin çətin olduğunu söylədi: “Proqnoz vermək demək olar ki, mümkün deyil. Vəziyyət həm müsbətə, həm də mənfiyə doğru dəyişə bilər. Hazırda ev bazarında demək olar ki, satış yoxdur. Amma vəziyyət müsbətə doğru dəyişə də bilər. Çünki əvvəllər də olub ki, vəziyyət durğunluqla davam edib, qiymətlər ucuzlaşıb, sonra qəfil düzəlib. Ona görə də mən düşünürəm ki, kimsə daşınmaz əmlak bazarının qarşıdakı aylardakı vəziyyəti ilə əlaqədar proqnoz verirsə, bu doğru deyil”.

Həmsöhbətimiz yalançı proqnozların da daşınmaz əmlak bazarındakı vəziyyətə təsir etdiyini dedi: “Görürsən açıqlama verirlər ki, yaxın vaxtlarda daşınmaz əmlakın qiyməti bahalaşacaq. Mətbuat da bu xəbəri ictimaiyyətə açıqlayır. Onda istər-istəməz əlində pulu olanlar ev alırlar deyə bazarda canlanma yaranır”.

DİGƏR XƏBƏRLƏR

Top