"Güzəştli mənzillərin indiki satış nəticələri sıfırlanmalıdır"

MİDA-nın güzəştli mənzillərin onlayn satışı prosesinin uğursuz olması ilə bağlı müzakirələr bitmək bilmir. Yeniavaz.com saytı xəbər verir ki, ekspert Osman Gündüz məsələyə yenidən münasibət bildirib: "MİDA-nın güzəştli mənzillərin onlayn satışı prosesi uğursuz olub. "Güzəştli Mənzil" informasiya sisteminin proqram təminatında olan qüsurlar səbəbindən satış baş tutmayıb. MİDA RİSK şirkətinin hazırladığı İnformasiya Sistemini normal təhvil-təslim prosesi keçirmədən, qabaqcadan zəruri testlər etmədən, böhranlı vəziyyətlərdə dayanıqlılığını yoxlamadan qəbul edib və birbaşa istismara buraxıb.

Nəticədə rəsmi elektron imza ilə sistemə daxil olan çox sayda vətəndaşa mənzillərin alqı-satqısı ilə bağlı MİDA adından rəsmi bildirişlər gedib.

Bildiyim qədər MİDA baş verənləri araşdırmaq üçün Komissiya yaratmışdı. Təəssüf ki, onun fəaliyyəti haqqında hələlik yetərli məlumatlar verilmir. Güman ki, işlər də yekunlaşıb. Məndə olan məlumata görə, nə aidiyyəti dövlət qurumlarından, nə vətəndaş cəmiyyətindən, nə də sistemdə qeydiyyatdan keçənlərdən heç kim komissiyada təmsil olunmayıb.

Hətta egov.az-ın yeni səlahiyyətli dövlət qurumu olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzindən də Komissiyada təmsilçilik olmayıb.

Belə olan halda Komissiyadan ədalətli qərar gözləmək olarmı?

Ədalətli qərar da, əvvəllər də bildirdiyimiz kimi, indiki nəticələrin sıfırlanması və satışın yenidən həyata keçirilməsi ola bilərdi.

MİDA bu addımı atacaqmı? Proses birbaşa Prezident fərmanı ilə həyata keçirildiyindən, ölkədə son bir-iki ayda elektron hökumət quruculuğu ilə əlaqəli iki qurumun formalaşmasını da nəzərə alsaq, düşünürəm ki, qərar ədalətli olacaq. Yəqin ki, bir-iki günə MİDA bununla bağlı qərarını elan edəcək".

DİGƏR XƏBƏRLƏR

Top