MİDA-nın çökən saytına 760 min manat xərclənibmiş - AÇIQLAMA

"Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzil satışında uğursuzluğa əsas səbəb olan, mənzillərin onlayn satışı günü "çökən" "Güzəştli Mənzil" informasiya sisteminin hazırlanması üçün RİSK şirkətinə 260000 manat vəsait ayrılıbmış". Yeniavaz.com xəbər verir ki, bunu İnformasiya kommunikasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bildirib.

O. Gündüz qeyd edib ki, hələ üstəlik "Güzəştli Mənzil" informasiya sisteminin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması üçün də MİDA bu şirkətə əlavə olaraq 500000 manat vəsait ayırıbmış: "Düşünürəm ki, bu qədər vəsaitlə nəinki sistemin çökməsinin qarşısını almaq, hətta daha bir alternativini yaratmaq, alternativ kanallar əldə etmək, bir neçə səviyyəli İT support təmin etmək, nüfuzlu mütəxəssisləri, İT qurumları dəvət eməklə sistemin dayanıqlılığını test etmək olardı. Baş verənlər göstərir ki, sistemin dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün atılan addımlar yetərli olmayıb".

"Dövlət başçısının sərəncamı ilə Rövşən Nəcəf Prezident Administrasiyasının elektron hökumət məsələləri üzrə şöbəsinin müdiri təyin edilib. Bir müddət öncə də Prezident bütövlükdə elektron hökumət portalının - egov.az-ın səlahiyyətlərinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) alınaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (VXSİ), daha doğrusu, onun nəzdində olan Elektron Hökumətin İnkişafı Mərkəzinə verilməsi haqqında Fərman imzalayıb. Təhvil-təslim üçün 3 ay ayrılsa da, proses başa çatmayıb.

Digər tərəfdən, hazırda ölkədə birbaşa egov.az məsələsinə aidiyyəti olan, kifayət qədər ciddi hesab olunacaq bir problem yaşanır. MİDA hazırda problemin həlli istiqamətində ciddi işlərin aparıldığını, komissiya yaradıldığını bildirir. Düşünürəm ki, Administrasiyanın bu sahə üzrə yeni şöbə müdiri Rövşən müəllimin ilk nəzarətə alacağı məsələ məhz bu problemin şəffaf formada həllini nəzarətə götürmək ola bilərdi. Çünki baş verənlər həm də elektron hökumət ideyasını, onun üstünlüklərini də gözdən sala bilər, həm də iki dövlət qurumu arasında olan təhvil-təslim də hələlik sona çatmayıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, güzəştli mənzillər birbaşa Prezident fərmanı ilə gerçəkləşdirilən bir prosesdir.

Bu baxımdan düşünürəm indiki məqamda aşağıdakı addımların atılması faydalı ola bilərdi:

1. MİDA-nın yaratdığı Komissiyanın tərkibində bu qurumdan əlavə NRYTN, egov.az-ın hazırkı operatoru MHM, RİSK, VXSİ Dövlət Agentliyinin, egov.az-a indiki cavabdeh qurum EHİM və müstəqil İT ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin də olması doğru olardı.

2. Komissiya və onun fəaliyyəti haqqında müntəzəm məlumat verilməlidir.

3. Baş verənlər haqqında onlayn alqı-satqı prosesində iştirak edənlərin məsuliyyətini əks etdirən təfsilatlı açıqlama verilməlidir.

4. Düşünürəm ki, onlayn alqı-satqı prosesinin təşkilində birbaşa və dolayısı ilə iştirak edən qurumların nümayəndələrinin iştirakı ilə mətbuat konfransının keçirilməsi də faydalı ola bilərdi.

Əslində, necə ki real dünyamızda bəzən mənzillər 2, 3, bəzən də daha çox insana satılırdı, həmin məsələ də MİDA-nın "Güzəştli Mənzil" onlayn sistemində olub. Bu, acı da olsa, gülməli də olsa müzakirəsiz bir reallıqdır.

Sadəcə real dünyada bunları bilərəkdən, bəzi MTK-lar edirdilər, MİDA məsələsində isə bunu, necə deyərlər, İT edib. Yəni, MİDA-nın "Güzəştli Mənzil" informasiya sisteminın proqram təminatının düzgün işləməməsi, alqoritminin düzgün qurulmaması ucbatından xeyli sayda vətəndaşlara mənzil alqı-satqısı ilə bağlı bildirişlər gedib. Bildiriş də rəsmidir, dövlət qurumu tərəfindən göndərilib. Proqramın alqoritmini təklif edənlər sanki real mənzil bazarında olan bütün münasibətləri, o cümlədən də bir mənzilin bir neçə adama satılması prosesinin də alqoritmini qurublar",-deyə ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top