Yaşayış evlərinin 1 kv.metrinin maya dəyəri 457 manata bərabərdir - RƏSMİ STATİSTİKA

Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 4 milyard 160,1 milyon manat vəsaitin 2 milyard 281,6 milyon manatı və ya 54,8%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42,5% artıb.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ümumi sərmayənin 73,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunan vəsaitin 73,6%-i məhsul istehsalı obyektlərinin, 20,7%-i xidmət sahələri üzrə obyektlərin, 5,7%-i ümumi sahəsi 518,9 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Qeyd edək ki, yaşayış evlərinin tikintisinə ümumilikdə 237,1 milyon manat (ümumi sərmayənin 5,7%-i) vəsaitin xərcləndiyini nəzərə alsaq, o zaman, 1 kvadrat metr yaşayış evinin tikintisinin 456,9 manat xərclənib.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 52,4%-ini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,6%, bank kreditləri 15,9%, büdcə vəsaitləri 22,2%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,5%, sair vəsaitlər isə 0,4% təşkil edib.

2018-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top