Region ölkələrində həkim və müəllimlərin maaşı: Azərbaycan sonuncudur - CƏDVƏL

Bir çox ölkədə, o cümlədən də Azərbaycanda muzdla çalışan işçilərin arasında təhsil və səhiyyə işçləri çoxluq təşkil edir. Yeniavaz.com Dövlət Statistika Komitəsindən verilən məlumata istinadən bildirir ki, Azərbaycanda muzdla çalışan işçilərin təxminən 22%- təhsil, 8%-i isə səhiyyə sahəsində çalışır. Bu səbəbdən də bu sahələrdə çalışan işçilərin aldıqları əmək haqqı bir çox hallarda ölkə əhalisinin yaşayış səviyyəsinin də necə olduğunu göstərir. Məşhur "mojazarplata.ru" saytında yer alan məlumatlara görə, Azərbaycanda həkimlərin (terapevtlər) orta aylıq əmək haqqı 350 (205 dollar), müəllimlərin (orta məktəb müəllimləri) orta aylıq əmək haqqı isə 370 manata (215 dollar) bərabərdir. Məlumat üçün qeyd edək ki, "mojazarplata.ru" da yer alan bu göstərici Dövlət Statistika Komitəsinin amıqladığı rəsmi statistik göstəricidən daha yüksəkdir. Belə ki, Statistika Komitəsinin bu ilin yanvar-mart ayları üçün açıqladığı sonuncu hesabatda göstərilir ki, Azərbaycanda təhsil sahəsində çalışanların orta aylıq əmək haqqı 335 manata, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 220 manat olub.

Qeyd edək ki, istər rəsmi statistikada yer alan məlumatlara, istərsə də "mojazarplata.ru" saytında yer alan məlumatlara istinadən aparılan müqayisədə Azərbaycan həkim və müəllimlərin orta aylıq əmək haqqına görə region ölkələri arasında son sırada yer alır.

Region ölkələri arasında ən yüksək əmək haqqını Türkiyədə çalışan həkim və müəllimlər alır. Türkiyədə həkim-terapevtlərin orta aylıq əmək haqqı 2600 lirə və mövcud məzənnə ilə 600 dollara, müəllimlərin orta aylıq əmək haqqı isə 2800 lirə və ya 645 dollara bərabərdir.

İkinci sırada Rusiya qərarlaşıb ki, bu ölkədə həkim-terapevtlərin orta aylıq əmək haqqı 34800 rubl və mövcud məzənnə ilə 560 dollara, müəllimlərin orta aylıq əmək haqqı isə 25135 rubl və ya 406 dollara bərabərdir.

Gürcüstanda həkim-terapevtlərin orta aylıq əmək haqqı 935 lari və mövcud məzənnə ilə 390 dollara, müəllimlərin orta aylıq əmək haqqı isə 800 lari və ya 320 dollara bərabərdir.

Qazaxıstanda həkim-terapevtlərin orta aylıq əmək haqqı 105 700 tengə və mövcud məzənnə ilə 325 dollara, müəllimlərin orta aylıq əmək haqqı isə 93 270 tengə və ya 285 dollara bərabərdir.

Ermənistanda isə həkim-terapevtlərin orta aylıq əmək haqqı 145 000 dram lirə və mövcud məzənnə ilə 300 dollara, müəllimlərin orta aylıq əmək haqqı isə 110 000 dram və ya 230 dollara bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top