Premyer Liqada yeni futbol klubu - "Sabah"

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Yeniavaz.com-un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, I divizionda mübarizə aparan klublardan yalnız "Sabah"ın müraciəti qəbul olunub. Beləliklə, sözügedən klubun növbəti mövsümdən etibarən Premyer Liqada çıxış edəcəyi dəqiqləşib. Digər tərəfdən, çempionatı sonuncu pillədə başa vuran və reqlamentə əsasən, növbəti mövsümdən etibarən I divizionda mübarizə aparmalı olan "Kəpəz"ə də Premyer Liqada çıxış etmək üçün lisenziya verilib.

AFFA-nın Lisenziya Komissiyası UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ", "Qəbələ", "Neftçi", "Sumqayıt" və "Zirə"nin müraciətlərini müsbət dəyərləndirib, "Kəpəz" isə lisenziyalaşma prosesini keçə bilməyib.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra alınan qərarlar:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt”, “Zirə”;

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin: “Kəpəz”;

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Keşlə”, “Kəpəz”, “Sabah”, “Səbail”;

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Binə” , “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, "Şüvəlan", “Zaqatala”.

“Keşlə”yə UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün lisenziya verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.

Qeyd edək ki, lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti ilə müraciət edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top