İki günə Türkiyədə məşhurlaşan azərbaycanlılar - SİYAHI

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi, klassik gitarası ilə hər kəsin ürəyinə yol tapan musiqiləri səsləndirən Nahidə Babaşlının "Ay yüzlüm" mahnısı ilə qısa vaxtda Türkiyədə məşhurlaşması çoxlarının marağına səbəb oldu. Türkiyədə məşhur olmaq üçün külli miqdarda pul xərcləyən, lakin buna nail ola bilməyən Azərbaycan şou-biznes nümayəndələri belələrini görəndə yəqin ki, təəccüblərini gizlədə bilmirlər.

Bakıya səfərə gəlmiş Türkiyənin sevilən müğənnisi İbrahim Tatlısəsin və öz məlahətli səsi ilə diqqətini cəlb etməklə qardaş ölkədə məşhurlaşan Azəri qızı Günelə də bir vaxtlar hər kəs həsəd aparırdı.

Ancaq indi zaman dəyişib və texnologiyanın sürətli inkişafı nəticəsində qardaş ölkə ilə Azərbaycan arasında məsafə bir kompüter masası arxasına keçmək qədər qısalıb.

Lakin bu imkandan hər kəs yararlana bilmir, fərqli istedadı olanlar, insanların diqqətini cəlb edə bilənlər sosial şəbəkələr vasitəsi ilə Türkiyədə də məşhurlaşırlar. Türkiyədə məşhurlaşan soydaşlarımızın isə hamısının sevildiyini demək doğru olmazdı...

Yeniavaz.com saytı qısa vaxtda Türkiyədə məşhurlaşan soydaşlarımızın siyahısını təqdim edir.

İlk olaraq sosial şəbəkədə çoban ifaçı kimi tanınan Pərvin Səfərov bir müddət sonra Türkiyədə də məşhurlaşdı. İndi Pərvini Türkiyədə tanımayanların sayı çox azdır.

Bu məşhurluq P. Səfərovu "O səs Türkiyə" yarışmasına qədər apardı.

Bu gün də Pərvinin ifaları Türkiyə mətbuatının gündəmindən kənarda qalmır.

Tikintidə fəhlə işləyən Aqşin Gülalıyevin pianoda ifasının videosu sosial şəbəkələrdə izlənmə rekordu qırandan sonra onun sorağı qardaş Türkiyəyə də çatdı.

Onun ifaları Türkiyədə həm sosial şəbəkədə, həm də telekanallarda xəbər oldu.

Model Günay Musayeva da Türkiyədə qısa müddətdə məşhurlaşan Azərbaycanlılardandır. Türkiyəli aktyorlardan biri ilə ailə quran Günay xanıma Azərbaycanda münasibət birmənalı deyil. Onun sənətindən daha çox qalmaqalları ilə gündəmə gəlməsi əksər insanlarda qıcıq doğurur.

Türkiyədə məşhurlaşan, lakin Azərbaycanda kifayət qədər tənqid olunanlardan biri də Naz Miladır. O, qardaş ölkədə bir evlilik verilişinə çıxması ilə məşhur olub.

Qalmaqallı açıqlamaları, bəzi hallarda insanları təhqir etmələri, açıq-saçıq geyimdə çəkilmiş fotoları ilə gündəmə gələn Naz Mila hər nə qədər tənqid olunsa da, onunla bağlı saytlarda yazılan xəbərlər oxunma rekordu qırır. Onun Azərbaycanda sevildiyini demək olmaz.

"O səs Türkiyə" yarışmasına qatılan azərbaycanlı ifaçı Elnur müsabiqədə qalib olandan sonra qardaş ölkədə həm tanındı, həm də sevildi.

Onun Türkiyədə Azərbaycandan da çox tanındığını demək olar. Müsabiqədən sonra Elnur Azərbaycan efirlərində görünmür.

İlk olaraq sosial şəbəkələr vasitəsi ilə məşhurlaşan azərbaycanlı ifaçı Çinarə Məlikzadə daha sonra Türkiyə telekanallarında da xəbər oldu. Çinarə Məlikzadə azsaylı ifaçılarımızdandır ki, həm Türkiyədə, həm də Azərbaycanda sevilir.

Azərbaycan şou-biznesində Üzeyir Mehdizadə qədər tənqid olunan ifaçı yəqin ki, yoxdur. Onu həm müğənnilər, həm sənətşünaslar tənqid edirlər.

Tənqidlərə dözümlü yanaşan Ü. Mehdizadə necə deyərlər, öz işi ilə məşğuldur.

Maraqlıdır ki, Üzeyir Mehdizadə onu tənqid atəşinə tutan müğənnilərdən də çox qardaş ölkədə tanınır.

Bu yaxınlarda saytlarda onun Türkiyədə verdiyi konsertin görüntülərini əks etdirən video yayıldı və hər kəs təəccübləndi.

Videoda Üzeyirin konsertinə yüzlərlə Türkiyəli gəncin gəldiyi, onunla görüşmək üçün arxasınca düşdükləri, hətta polisin belə onların qarşısını ala bilmədiyi görünürdü...

Qardaş ölkədə qısa müddətə tanınıb, ancaq sonra unudulanlar da az deyil. Daha çox yarışma iştirakçısı olan bu şəxslər öz qabiliyyətləri ilə həm münsiflərin, həm də tamaşaçıların diqqətini cəlb edirlər, lakin bu maraq çox davam etmir. Odur ki, bu siyahıda onların adlarını qeyd etməyə ehtiyac görmürük.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top