"Hamı bilsin, məni şantaj edirlər" - İcra başçısının müavini

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyevin öz xidməti kabinetində iş adamını döydüyü iddia olunur. Yeniavaz.com xəbər verir ki, bununla bağlı məlumat bir neçə gündür saytlarda və sosial şəbəkələrdə paylaşılır.

Bildirilir ki, hadisə mayın 2-də baş verib, hazırda Qax Rayon Prokurorluğunda araşdırılır.

Məlumata görə, icra başçısının müavini rayonda "Qax" sularını istehsal edən müəssisələrdən birinin sahibi olan Mustafa Muxtarova xəsarət yetirib.

İş adamı icra başçısının müavinindən prokurorluğa şikayət edib.

Sahibkar Azpolitika.info-ya bildirib ki, mayın 1-də Elbrus Tağıyev ona zəng vuraraq, qayınanasına məxsus mağaza ilə bağlı onu İcra Hakimiyyətinə dəvət edib.

Mayın 2-də saat 10 radələrində E. Tağıyevin qəbulunda olarkən rayonun baş arxitektoru və başqa bir nəfər də kabinetdə olub.

İcra başçısının müavini M. Muxtarova bildirib ki, ərazi ilə bağlı başqa bir şəxs onlardan şikayət edib, guya həmin adamın əlində qanuni sənədi var. "Mən bu zaman etiraz etdim, bildirdim ki, əlində cizgi sənədi varsa məhkəməyə müraciət etsin. Siz niyə bu işə qarışır və bizə təzyiq edirsiniz. Elbrus Tağıyev məni etirazımdan sonra özündən çıxdı, yerindən qalxıb mənə tərəf yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim".

Maraqlıdır ki, səsləndirilən ittihamlarla bağlı şikayətçi tərəfin mövqeyi işıqlandırılsa da, ittiham olunanın mövqeyi heç bir saytda yoxdur. Elə bunu nəzərə alıb ittiham olunan tərəfin - İcra Hakimiyyəti Başçısının müavini Elbrus Tağıyevin əlaqə nömrəsini əldə edib onunla əlaqə saxladıq.

Maraqlıdır ki, qarşı tərəf şantaj olunduğunu bildirib: "Müəllim, qətiyyən belə bir hadisə olmayıb. Konkret olaraq şantaj edilirəm. Onun niyyəti hansısa bir gəncin karyerasını, gələcəyini ləkələməkdir. Əgər belə bir hadisə baş veribsə, hüquq-mühafizə orqanlarına müraciət etsin və iş araşdırılsın. Bunu ictimailəşdirib birtərəfli qaydada olmayan şeyləri yaymaq nə dərəcədə doğrudur? Onun məqsədi başqadır. Hüquq-mühafizə orqanları araşdırsınlar və lazımi qərarı versinlər. Qərardan narazı olarsa, növbəti instansiyalara müraciət etsin. Qətiyyən elə bir şey olmayıb. Həmin şəxs bir müraciətlə bağlı dəvət olunmuşdu. İçəri girər-girməz hay-küy saldı. Mən xatırlatdım ki, sizdən müraciət var, o da çılğınlığını büruzə verdi və dedi "sizə göstərəcəyəm". Başqa heç nə olmayıb. "Göstərəcəm" deyərkən demək bunu nəzərdə tuturmuş".

"Əgər mətbuatda yayılanlar yazıldığı kimi deyilsə, əslində nə baş verib?" sualımıza E. Tağıyevin cavabı belə olub: "Qətiyyən əl-qol atmaq, kimisə döyməkdən söhbət gedə bilməz. Biz hüquqi dövlətdə yaşayırıq. Əgər belə bir hadisə olubsa, versin Prokurorluğa. Artıq müraciət edibsə, araşdırma gedəcək. İctimaiyyətdə yalnış rəy formalaşdırmaq olmaz. Başqa izah verə bilmirəm. Açığı, özümə də pis təsir elədi, gənc olmağıma baxmayaraq, neçə ildir dövlət qulluğundayam, heç vaxt insanlarla kobud davranmamışam, fəaliyyətimdə zərrə boyda ləkə yoxdur. Qəfil belə bir hücumun olması psixologiyama pis təsir edir. Başa düşə bilmirəm, bunun səbəbi nədir, nə istəyir, marağı nədir. Həmin şəxsə qarşı heç vaxt bürokratik əngəl olmayıb. Fəaliyyətinə qarşı hər hansı bir məqsədli problem yaradılmayıb. Özümə də çox maraqlı gəlir, tək mənə yox, rayon ictimaiyyətinə. Ya özü demir istəyini, ya da biz başa düşmürük.

Soruşanda da deyir "mənim mübarizəm hökumətlədir". Hüquq-mühafizə orqanları məsələni araşdıracaq və cinayətkar varsa, cəzasına çatacaq".

"Yayılan məlumatlardan sonra onunla əlaqə yaratmağa cəhd etmisinizmi?" sualımıza Elbrus Tağıyevin cavabı belə olub: "Bu hadisədən sonra özüm də onunla görüşmüşəm, telefonla əlaqə saxlamışam. Deyirəm "mən sənə neyləmişəm, məqsədin nədir?"

Deyir "mənim işim səninlə deyil". Rayon ictimaiyyəti də bilir, hər halda tanıyırlar bizi, fəaliyyətimizə də bələddirlər. Reallıq budur. İnanın səmimiyyətimə, tam şantajdır. Özü də məqsədi bilinməyən şantajdır. Soruşuram ki, "qardaş, niyə belə edirsən, niyə ləkələyirsən?" Deyir mənim mübarizəm səninlə deyil, hakimiyyətlədir.

Mən 6 il şəhər nümayəndəsi işləmişəm. Daim insanlarla çalışmışam, onların qapısında da olub söhbətlərimiz, kabinetdə də. Ancaq heç vaxt heç kimlə ya konflikt, ya başqa hər hansı problem olmayıb. Onun özü ilə də əvvəllər problemimiz olmayıb. Qax kiçik rayondur, hamı hamını tanıyır. Amma kənarda yaşayanlar reallığı bilmirlər axı.

Bütün bunlar psixologiyama, səhhətimə çox pis təsir edir. Dost-tanış çoxdur, baxma, hərə bir kəlmə soruşanda istər-istəməz insan narahat olur. Sizinlə danışdığım qədər görün gündə mən neçə adamla danışıram. Məni başa düşün. İki dəfə zəng eləmişəm, özü ilə görüşmüşəm, bu insan fikrini konkret demir".

DİGƏR XƏBƏRLƏR

Top