Elxan Şahinoğlu: "Ölkəmizdə maaşlar normal artmayınca heç nə düzəlməyəcək"

Millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə deputatların maaşının 10 min manatadək artırılması ilə bağlı təklifi müzakirələrə səbəb olub. Yeniavaz.com xəbər verir ki, onu tənqid edənlər də var, haqlı olduğunu düşünənlər də.

Politoloq Elxan Şahinoğlu da deputatın bu fikrini müdafiə edib: "Millət vəkili Qüdrət Həsənquliyev haqlıdır. Bu ölkədə maaşlar artmayınca heç nə düzəlməyəcək. Müəllim və həkimlərdən başlamaq lazımdır, bu peşə sahiblərinin maaşları artsa avtomatik digər peşə sahiblərinin də maaşlarını qaldırmaq lazım gələcək. Əlbəttə, bəzi iqtisadçılar deyə bilər ki, maaşları 300-500 manatdan 3 və 5 minə qaldırmaq inflyasiyaya səbəb olacaq. Ancaq maaşlar artmadan da iqtisadiyyatda yerimizdə sayacağıq, rüşvət və korrupsiyanın da miqyasını azaltmaq mümkün olmayacaq".

"Hansı iqtisadiyyat üçün daha çox təhlükəlidir: inflyasiya yoxsa korrupsiya? Türkiyədə və sanksiyalardan uzun on illiklərdir qurtulmayan İranda müəllimlərim və həkimlərin maaşları 3-5 min dollar arasındadırsa, Azərbaycanda niyə olmasın? Qonşularımızın əhalisi 80 milyon nəfər civarındadır. Bizdə bunun onda biri qədər əhali var, neft və qaz gəlirləri də hər keçən gün artır. Məncə, bizdə də maaşları normal insan kimi yaşamağa imkan verəcək həddə artırmaq mümkündür. Bir sözlə, bu məsələyə əməli başlı əncam çəkmək lazımdır, yoxsa il ərzində 10 faizlik artımla uzağa gedə bilməyəcəyik",-deyə Elxan Şahinoğlu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top