“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

Havaların istiləşməsi özü ilə bərabər bir neçə problem də gətirib. Qapalı məkanlarda insanların isti havaya dözümsüzlüyü onları bir az da aqressivləşdirir. İctimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem marşrut avtobuslarında kondisioner sisteminin olmasına baxmayaraq, sürücülərin onu qoşmamasıdır. Xüsusilə də avtobusların salonları sərnişinlərlə həddindən artıq yüklənən zaman problem daha da böyüyür.

Bununla yanaşı, bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. İçəridə təmiz hava azaldığından sərnişinlər buna narazılıq edir. Elə sərnişinlərlə sürücü arasında yaranan mübahisəyə səbəb də avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir. Sosial şəbəkə istifadəçiləri də avtobuslarda kondisionerlərin işləməməyindən gileyləniblər.

“BakuBus”da kondisionerlər nə zaman işləyəcək?

"Bakubus" MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, “BakuBus”un avtobuslarında havalandırma sistemi hazırda işləyir: “Və ehtiyac yaranarsa yan pəncərələr də açılır. Sərnişinlər bununla bağlı sürücüyə yaxınlaşıb müraciət edə bilər. Bu cür məsələlərdə çoxluğun fikri əsas götürülür. O ki qaldı kondisonerlərin işlədilməsinə, bununla bağlı qaynar xəttimizə də sərnişinlər tərəfindən müraciətlər daxil olur”.

M.Piriyev avtobuslardan kondisionerlərin nə zaman işə salınacağından da söz açıb: “Çox güman ki, yaxın günlərdə hava şəraiti nəzərə alınmaqla kondisionerlər də işə salınacaq. Bildiyiniz kimi avtobuslarımızda kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Bu gündəlik hava şəraitinə uyğun olaraq tənzimlənir”.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top