1,7 milyard manat kredit vaxtında geri qaytarılmayıb

Cari ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 11 milyard 663,5 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 24,9% və ya 3 milyard 869,8 milyon manat azalıb. Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin avqust ayının əvvəlinə problemli kreditlərin həcmi 119,9 milyon manat və ya 7,5% artaraq 1 milyard 710,2 milyon manata yüksəlib.

Qeyd edək ki, aprel ayının əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 14,7% paya malik olub. Onu da bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki paya mart ayının əvvəlində 14,7%, fevral ayının əvvəlində 14,5%, yanvar ayının əvvəlində isə 13,8 olub.

Onu da bildirək ki, milli valyutada verilən 7 milyard 58,4 milyon manatlıq kreditlərin 817,9 milyon manatı, xarici valyutada verilən 4 milyard 605,1 milyon manatlıq kreditlərin isə 892,3 milyon manatı vaxtında geri qaytarılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top