Qazaxın mərkəzində şəhid bulaqları görün nə vəziyyətdədir - FOTOLAR

Qazax rayonunun mərkəzində yerləşən şəhid bulaqları bərbad vəziyyətdədir. Bu barədə Yeniavaz.com saytına rayon sakinləri məlumat veriblər.

Onlar qeyd ediblər ki, bulaqlar uzun müddətdir bu haldadır. Sakinlər dediklərinə sübut olaraq saytımıza susuz və baxımsız qalmış şəhid bulaqlarının fotolarını da göndəriblər.

Dediklərinə görə, Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi tez-tez həmin şəhid bulaqlarının adını daşıyan küçələrdən keçir, ancaq bulaqların bu halı onların diqqətini çəkmir: "Keçən il şəhid bulaqlarından biri susuz qalmışdı. Dedilər su yoxdur, yaxın vaxtlarda düzəldiləcək. İndi o bulaqların heç birində su yoxdur. Üstəlik, üstündəki yazılar oxunmur, su töküləsi quyuları dolub, barelyeflerin ətrafı ləkə-ləkədir. Eyni problem illərlə davam edirsə və heç kim əhəmiyyət vermirsə, deməli, bunu bilirlər, lakin diqqət yetirmirlər".

Sakinlər aprel hadisələrindən sonra şəhid olan igidlərimizin xatirəsinin ölkəmizin hər yerində əziz tutulduğunu bildiriblər: "Elə Qazax rayonunda da aprel şəhidlərimizə hörmət və ehtiram var. Bu çox yaxşı haldır. Ancaq bu bulaqların adını daşıdığı şəhidlər də vətən uğrunda, Qarabağ uğrunda şəhid olublar, canlarını fəda ediblər. Ona görə onların da xatirəsi əziz tutulmalıdır, əgər adlarına bulaq varsa, baxımsız, susuz qalmamalıdır".

Qazaxın mərkəzində şəhid bulaqlarının hansı səbəbdən bərbad vəziyyətdə olması ilə bağlı suallarımıza cavab almaq üçün Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova ilə əlaqə saxladıq.

Lakin G. Həsənova hazırda istirahətdə olduğunu bildirdi: "İstirahətdəyəm, məzuniyyətə çıxmışam. Ona görə bu məsələyə münasibət bildirə bilməyəcəyəm".

Gülayə xanımdan soruşduq ki, siz işdə yoxsunuzsa, başqa kimdən münasibət öyrənə bilərik?

"Mən istirahətdəyəm, İcrada kimin işdə, kimin məzuniyyətdə olduğunu deyə bilmərəm. Sizə uğurlar",-dedi və telefonu söndürdü.

Qeyd edək ki, şəhid bulaqlarının bu vəziyyəti bir neçə gündür sosial şəbəkədə - bölgənin ən aktiv səhifələrindən olan Qazax-Ağstafa səhifəsində də müzakirə olunur.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top