3 ay ərzində yol-nəqliyyat hadisələrində 162 nəfər həyatını itirib

Bu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 376 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 505 nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, onlardan 162-si həlak olub, 343-ü isə yaralanıb. Hadisələrin 35,1 faizi gündüz, 37,2 faizi gecə, 27,7 faizi isə toran vaxtı baş verib, 26,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 91,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 136 nəfər, yaralananların sayı isə 15 faiz azalaraq 328 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 53,2 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 31,1 faizi (14,6 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 15,7 faizi (21,3 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,9 faizini, yaralananların isə 79 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib, nəticədə 8 nəfər ölmüş, 8 nəfər yaralanıb. Belə hadisələrin 72,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

DİGƏR XƏBƏRLƏR

Top