Ağdaşda yeni yol çəkilir - FOTO

Əgər iqtisadiyyatımızı, təsərrüfatımızı, elə sosial həyatımızı da obrazlı formada canlı orqanizimə bənzətsək, yolları onun qan damarları adlandırmaq olar. Uzun illərin sınağından keçib gələn atalar sözləri də bunu təsdiq edir: “Abad kənd yolundan bəllidir”.

Bir vaxtlar şəhərlərimizdə geniş, rahat, asfalt yolları görəndə bunu rayonlarımız üçün də arzulayırdıq.

Ağdaş Rayon Yol Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, hazırda 33 km-lik Qolqəti – Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, 27 km-lik Nehrəxəlil- Tofiqi-Şəmsabad kənd yollarının tikintisi davam edir. Kəndlərimizə müasir, rahat, asfalt yollar çəkilir. Ərəbocaq kəndində böyük, dünya standartlarına cavab verən heyvandarlıq kompleksinin tikilməsini, digər kəndlərimizdə pambıqçılığın, tərəvəzçiliyin, çəltikçiliyin inkişafı sahəsində mühüm işlər görüldüyünü nəzərə alsaq, yeni yolların necə ciddi əhəmiyyətə malik olduğu aydınlaşar.Yeni yollar rayonumuzda ekoturizmin, aqroturizmin inkişafına da şəraiti yaradacaq. Yeni yolların salınması ilə yanaşı, mövcud yolların əsaslı təmiri də diqqəti cəlb edir. Hazırda 6.5 km-lik Ağcaqovaq-Ərəbşəki-Eymur kənd yolu əsaslı təmir edilir.

Yeni salınan kənd yolları ilə tanış olarkən yerli sakinlər öz razılıqlarını bildirdilər. Şəkili kənd sakini Anar Bayramov bizimlə söhbət zamanı bildirdi ki, əkin-biçinlə məşğuldur. Yetişdirdiyi məhsulları yük maşını ilə özü daşıyır: “Əvvəllər yollar çala-çuxur olduğundan maşın tez-tez sıradan çıxır, əziyyət çəkir, məhsul da ünvanına gec çatdırılırdı. Yeni yolların salınması sürücülər və fermerlər üçün rahatlıq yaradır, həm də kənd-şəhər əlaqələrinə müsbət təsir göstərir.

Söhbət etdiyimiz digər sakinlər bildirdilər ki, kəndlərimizdə mənzərəli yerlər çoxdur, xüsusilə Kürqırağı Tuqay meşələrini , Türyançay qoruğunu buna misal göstərmək olar.

Rahat, abad yollar rayonumuza gələn turistlərin sayının artmasına şərait yarada bilər.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top