Universitetlərə qəbul sadələşdiriləcək - Qanun dəyişdirilir

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi "Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb. Bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, "Təhsil haqqında" Qanun 2009-cu ildə qəbul olunub, buna görə də bir sıra yeniliklərin edilməsinə, bəzi dəqiqləşdirmələrin aparılmasına, o cümlədən Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var.

"Qanuna dəyişikliklərin edilməsi təhsilin əlçatanlığının təmin olunmasına, qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycanın təhsil sistemində tətbiqinə əhəmiyyətli töhfə verəcək",-deyə nazir vurğulayıb.

Təhsil eksperti Kamran Əsədov Yeniavaz.com saytına açıqlamasında gözlənilən dəyişikliklərdən danışıb: "Azərbaycanın müstəqilliyi dövründə ilk "Təhsil haqqında" Qanun 2009-cu ildə uzun müzakirələrdən sonra qəbul olunub. Ancaq hətta o dövrün özü üçün belə "Təhsil haqqında" Qanunda çatışmazlıqlar var idi. 2013-cü ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını təsdiq etdi. Həmin Strategiyada göstərilirdi ki, təhsil əlçatan olmalıdır. Yəni təhsilin əlçatımlılığı təmin edilməlidir. Bu gün Azərbaycanda ali təhsil alanların sayı ümumi ölkə vətəndaşlarının cəmi 17 faizini təşkil edir. Hər 1000 nəfərdən 126-ı ali təhsillidir ki, bu da çox aşağı səviyyədir. Düzdür, Azərbaycan əhalisi oxuyub-yazma bacarıqlarına görə dünyada birinci yerdədir. Yəni ölkə vətəndaşlarının 100 faizi oxuma-yazma bacarığına malikdir.

Bu da ondan irəli gəlir ki, Konstitusiyaya əsasən Azərbaycanda təhsil icbaridir. Hər kəskin 1-ci sinifdən 9-cu sinifə qədər məktəbə getməsi məcburidir".

Kamran Əsədovun fikrincə, hazırda ali məktəblərə qəbul imtahanları çətindir: "Düşünürəm ki, 2019-cu ildən sonra, yəni növbəti illərdə Avropada və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da "Təhsil haqqında" Qanunda edilmiş dəyişiklikdən sonra ali məktəblərə qəbul sadələşdiriləcək. Bu gün ali məktəblərə qəbul imtahanları çətin olduğu üçün imtahanda iştirak edənlərin 50 faizi ümumilikdə keçid balını toplaya bilmirlər və qəbul ola bilməyənlər xarici ölkələrə üz tuturlar. Bu da Azərbaycandan xaricə kifayət qədər ciddi vəsaitin axması deməkdir. Təsəvvür edin, bu gün ölkədən kənarda 40000 nəfər Azərbaycan vətəndaşı təhsil alır. Bunların hər biri ölkədən kənara həm beyin, həm də vəsait axınıdır. "Təhsil haqqında" Qanuna ediləcək 1-ci dəyişiklik təhsilin əlçatımlılığı ilə bağlı olacaqdır. İkincisi, təhsilin idarə edilməsində ciddi dəyişikliyə ehtiyac var. Orta ümumtəhsil məktəblərinə muxtariyyətin verilməsi, yəni onların maliyyə idarə etməsi, fəaliyyət göstərməsi, kadr seçimi ilə bağlı.

Aşağı pillənin, yəni məktəbəqədər təhsil müəssisəsinin Təhsil Nazirliyinə verilməsi və yaxud vahid proqram təminatı əsasında fəaliyyət göstərməsi lazımdır. Bu gün bağçalarla orta məktəblərin proqramları üst-üstə düşmür, ziddiyyət təşkil edir. Əslində məktəbəqədər təhsil Azərbaycanda təhsilin bir pilləsi kimi hələ də qanunvericilikdə öz əksini tapmır.

Edilməsi olan ən ciddi dəyişikliklərdən biri də - mən bunu gözləyirəm - 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunda təhsil alma formalarından biri olan distant təhsillə bağlı olacaq. Hələ bu bizdə həyata keçirilmir. Bu ona görə həyata keçirilmir ki, Azərbaycanda əyani ilə yanaşı, qiyabi təhsil forması var. Düşünürəm ki, qanuna dəyişikliklərdən sonra qiyabi təhsil ləğv olunacaq və distant təhsillə əvəzlənəcək. Həyata keçirilməli olan dəyişikliklərdən biri də ali məktəblərlə, onların kadr islahatı ilə bağlı olacaq. Bu gün ali təhsil müəssisələrimizdə 240-dan çox sahə üzrə kadr hazırlanır, amma onların böyük əksəriyyəti günün tələblərinə cavab vermir, əmək bazarında ehtiyac yoxdur və yaxud əmək bazarında daha çox ehtiyac olan ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilmir. Bu sahələr üzrə "Təhsil haqqında" Qanunda ciddi dəyişikliklərin olacağını düşünürəm".

"Qanuna edilən dəyişikliklər Dövlət İmtahan Mərkəzinin işinə təsir edəcəkmi?" sualımıza ekspertin cavabı belə oldu: "Dövlət İmtahan Mərkəzində heç bir dəyişiklik olmayacaq. Bu Mərkəz imtahan keçirən qurumdur. "Təhsil haqqında" Qanun hansı formatda tədrisi həyata keçirəcəksə, həmin qurum da qəbul imtahanında iştirak edəcək abituriyentlərin bilik və bacarıqlarını, kompitensiyalarını o sahələr üzrə yoxlayacaq. Yəni qaydalar dəyişəcəksə, əlçatımlılıq üçün sadələşdiriləcək. Dövlət İmtahan Mərkəzinin vəzifəsi təkcə ali məktəblərə qəbul imtahanları deyil, dövlət qulluğuna qəbulun həyata keçirilməsi, bu və ya digər sahələr üzrə biliklərin yoxlanılması və sairədir. İndiki halda "Təhsil haqqında" Qanun nə tələb edirsə, Dövlət İmtahan Mərkəzi də onu yoxlayır. Gələn dəfə başqa formatda istəniləcəksə, elə yoxlayacaqlar. Gedişat buna doğrudur. Hazırki qəbul qaydaları olduqca sərtdir, insanların təhsil almasına ciddi şəkildə mane olur".

Maraqlı məqamlardan biri də qanuna ediləcək dəyişikliyin ali məktəbə hazırlıq mərkəzlərinin işinə necə təsir edəcəyi ilə bağlıdır.

"Ölkədə hazırda 750-dən çox özəl kurs fəaliyyət göstərir. Amma onların heç biri belə deyək - nəzarətdə deyil. Onlar ümumi qaydalarla, repetitor formatında təhsilə dəstək verirlər. Ancaq həmin sahədə çalışanların bilik və bacarıqları bu sahə üzrə nə qədər yararlıdır, bu bilinmir. Burada kommersiya maraqları var, söhbət təhsilin inkişafı deyil. Bir çox hallarda valideynlər aldadılırlar, onların vəsaitləri mənimsənilir və nəticə olmur. Ali təhsil müəssisələrinə qəbul qaydaları sadələşdirilərsə, əlbəttə, fəaliyyətsiz və yaxud yalnış fəaliyyət göstərən, təhsildən xəbəri olmayan özəl mərkəzlər azalacaq, bağlanacaqlar. Bu zaman valideynlərin vəsaitləri ciblərində qalacaq və daha yüksək təhsil haqqı ödəmək imkanına malik olacaqlar.

Təsəvvür edin, bu gün repetitora müraciət edən valideyn ay ərzində minimum 200-300 manat pul ödəyir. İl ərzində bu çox böyük məbləğdir. Amma ali məktəblərə qəbul imtahanları orta məktəblərin nəticəsi əsasında sadələşmiş formada həyata keçirilsə, valideynlər hətta yüksək təhsil haqqını ödəmək imkanına belə malik olacaqlar. Hesab edirəm ki, "Təhsil haqqında" Qanuna ediləcək dəyişiklik özəl mərkəzlərin, repetitorların fəaliyyətini ciddi şəkildə aşağı salacaqdır",-deyə K. Əsədov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top