Bakının ən böyük avtobus dayanacağını başqa bir dövlət qurumu xəbərsiz satıb - FOTOLAR - VİDEO

Bir neçə gün öncə paytaxtın Qara Qarayev prospektində, "8-ci kilometr" bazarının yaxınlığındakı dayanacaq cibinin ərazisinin satılması, yerində 2 mərtəbəli ticarət obyektinin tikilməsi barədə məlumat vermişdik.

Bildirmişdik ki, sözügedən dayanacaq 2 il öncə Bakı Nəqliyyat Agentliyinin ekspert qrupunun apardığı təhlillərə əsasən, "Azəravtoyol" ASC ilə birgə iş nəticəsində salınmışdı.

Artıq həmin dayanacaq yoxdur, ərazidə 2 mərtəbəli ticarət obyekti inşa olunub və tikinti işləri yekunlaşmaq üzrədir. Obyekti kimin və ya kimlərin inşa etdiyi bizə məlum deyil. Hər gün həmin ərazidən keçən 25 marşruta xidmət edən yüzlərlə avtobus isə necə deyərlər, dayanacaqsız qalıb və onlar yolun ortasında saxlayıb sərnişin götürməklə tıxaca səbəb olurlar.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Yeniavaz.com saytının suallarını cavablandırıb.

"Qara Qarayev prospektində əsaslı təmir-tikinti işləri bu yaxınlarda aparılmışdı. Bu işlər çərçivəsində də ərazidə Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə cib tipli dayanacaq məntəqəsi təşkil edilmişdi. Eyni zamanda ərazidə Nazirlər Kabinetinin təşəbbüsü, müvafiq qurumların iştirakı ilə görüş keçirilmiş və həmin cib tipli dayanacağın sərnişindaşımada daha səmərəli istifadə edilməsi ilə bağlı müəyyən məsələlər razılaşdırılmışdı. Bundan sonra ərazidə Bakı Nəqliyyat Agentliyi tərəfindən dayanacaq nişanları qoyulmuşdu. Dayanacaq nişanlarında ərazidən keçən marşrut xətlərinin nömrələri, dayanacaq məntəqəsinin adını bildirən bütün məlumatlar əks olunmuşdu. Orada dayanacaq povilyonu da var idi. Lakin günlərin bir günü elə biz də sizin kimi gördük ki, həmin ərazi hasarlanıb və 2 mərtəbəli obyekt inşa edilir".

Bakı Nəqliyyat Agentliyinin şöbə müdirinin dediyinə görə, bu barədə onlara heç bir məlumat verilməyib: "Cib tipli dayanacaq məntəqəsində obyektin inşa olunması və yaxud Agentlik tərəfindən orada quraşdırılan nişanların, dayanacaq məntəqəsindəki Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid monitorun ərazidən köçürülməsi ilə bağlı bizə nə hər hansı bir müraciət daxil olub, nə də xəbərdarlıq edilib. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı heç bir müraciət daxil olmayıb. Bu günə qədər bizim üçün də maraqlıdır ki, bizim orada olan nişanlarımızın aqibəti necə olub. Hələlik, bizə bu barədə məlumat verilməyib".

Şöbə müdiri qeyd edib ki, həmin ərazidə dayanacaq cibinin olması vacib idi: "Həmin cib tipli dayanacağın orada olması çox əhəmiyyətli idi. Çünki avtobuslar normal şəkildə daxil olurdular cibə, yolun hərəkət hissəsi sərbəst qalırdı və digər nəqliyyat vasitələri rahat şəkildə keçirdilər. Buna görə də bazarın qarşısında sıxlıq olmurdu. Amma bu gün təəssüf ki, bilmədiyimiz yerdən əmələ gələn tikinti sayəsində həmin ərazini dayanacaq məntəqəsi kimi istifadə etmək mümkün deyil. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda orada inşa olunan həmin obyekt istifadəyə verilməyib, buna baxmayaraq orada avtomobillərin sıxlığı müşahidə olunur, tıxac yaşanır. Həmin obyekt iaşə, yoxsa ticarət obyekti olacaq bilmirəm - orada çalışanlar, ora gələnlər bəs nəqliyyat vasitələrini harada saxlayacaqlar? Bax, bu məsələlər də var. Həmin mənzərəni özünüz təsəvvür edin".

video

DİGƏR XƏBƏRLƏR

Top