Elçibəyin yubiley tədbirinə hazırlıq gedir - 80 yaşı olur

Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradılıb.

Bir qrup ziyalı və tanınmış ictimai xadimin 4 fevral 2018-ci ildə Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına etdiyi müraciətə cavab olaraq Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib.

Komitənin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbirləri ilə bağlı təkliflər səslənib, müzakirələr aparılaraq bir sıra qərarlar qəbul edilib. Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün Təşkilat Komitəsi özünün İşçi Qrupunu yaradıb. Qərara alınıb ki, bundan sonra yığıncaqlar əsasən İşçi Qrupu üzvlərinin iştirakı ilə, həftədə iki dəfə olmaqla keçirilsin.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu açıqlamasında yubiley çərçivəsində həyata keçiriləcək bütün tədbirlərin müzakirə olunduğunu deyib:

"Təşkilat Komitəsi və İşçi Qrupu toplanıb, müəyyən qərarlar alınıb. Bütün siyasi partiyalar yubiley tədbirinə dəvət olunacaq. İyunun 24-ü qardaş Türkiyədə də böyük bir tədbir keçirmək planımız var. Türkiyə ilə yanaşı, Ukraynada, Avropada, Rusiyada da bir sıra tədbirlərimiz olacaq. Elə bu gün (dünən) Bəyin 4 kitabını təkrar nəşrə vermək üçün Azərbaycan Nəşriyyatına getmişdim. Klassik Xalq Cəbhəsi Partiyası olaraq biz 2017-ci ilin noyabr ayından bu istiqamətdə real addımlar atmaq qərarı almışıq”.

Elçibəyin 80 illik yubiley tədbirləri çərçivəsində hər hansı bir maneə ilə qarşılaşacaqlarını zənn etməyən M.Mirəlioğlunun sözlərinə görə, maliyyə problemləri də daxili imkanlar hesabına həll ediləcək:

"Bəyin ad gününü əlimizdən gəldiyi qədər yüksək səviyyədə təşkil etməyə çalışacağıq”.

İctimai Təşkilat Komitəsinin sədr müavini, İşçi Qrupunun rəhbəri Oqtay Qasımovun sözlərinə görə, İşçi Qrupunun ilk toplantısı keçirilib və bir çox məsələlər müzakirə olunub: "Qərara aldıq ki, yubiley tədbirlərinin keçirilməsi üçün müvafiq qurumlara müraciət edək və məkan məsələsini həll edək. Bizim fikrimiz odur ki, yekun yubiley tədbirinin keçirilməsi üçün Heydər Əliyev adına Respublika Sarayının rəhbərliyinə müraciət edilsin. Eyni müraciət Mədəniyyət Nazirliyinə də ünvanlanacaq. Paralel olaraq Bəyin kitablarının təkrar nəşri istiqamətində müəyyən addımlar atılır.

Əbülfəz Elçibəy haqqında yazı müsabiqəsinin keçirilməsi də diqqətimizdədir. Çox güman ki, növbəti toplantımızda konkret qərar veriləcək. Bəyin şəkli olan qələm, təqvim, papaqlar və köynəklərin də hazırlanması düşünülür. Elçibəyin həyat və fəaliyyətini əks etdirən slayd hazırlanması da müzakirə olunacaq məsələlər arasındadır”. "Şərq” qəzeti

DİGƏR XƏBƏRLƏR

Top