Polis polşalı turistin sənədləri və pul kisəsini taparaq sahibinə qaytarıb

"Formula 1" Azərbaycan Qran Prisini izləmək üçün ölkəmizə turist kimi gələn Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək içərisində ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib. Daxili İşlər Nsazirliyindən verilən məlumata görə, qısa zamanda Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, turist pul kisəsini tanışları ilə birgə qaldığı otelə gedən zaman taksidə unudub. Həmin taksi sürücüsünün şəxsiyyəti tez bir zamanda müəyyənləşdirilib. Sürücü ilə əlaqə yaradılıb və o, turistin pul kisəsini könüllü şəkildə Polis Şöbəsinə gətirərək təhvil verib. Pul kisəsini itirən turist K.Moriusin problemin qısa zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə polislərə təşəkkürünü bilirib.

Polşalı turist bildirib ki, 10 ilə yaxındır "Formula 1" yarışlarını izləmək üçün dünyanın bir çox ölkəsində olub. K. Morius əlavə edib ki, indiyə qədər heç bir ölkədə bu qədər qonaqpərvərliyin və polisin belə operativliyinin şahidi olmayıb.

"Hər gün ölkəmizə dünyanın müxtəlif yerlərindən çoxlu sayda turistlər gəlir və onların təhlükəsizliyi hüquq-mühafizə orqanları, eləcə də polislər tərəfindən etibarlı şəkildə təmin olunur. Onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasında polis əməkdaşları ilə bərabər vətəndaşlarımız da əllərindən gələn köməkliyi əsirgəmirlər. Bu isə xalqımızın qonaqpərvərliyi və insanlarımızın yüksək mədəniyyətinin göstəricisidir. Polis-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulması və qarşılıqlı etimad bu günlərdə ölkəmizdə qonaq olan polşalı turistlərdən birinin qarşılaşdığı problemin də qısa zamanda həllinə öz töhfəsini verib", - deyə məlumatda vurğulanıb.APA

DİGƏR XƏBƏRLƏR

Top