Dolların məzənnəsi "şişirdilib": 1 dollar 74 qəpik olmalıdır - "The Economist"

Manatın dollar qarşısındakı real dəyəri hazırkı mübadilə məzənnəsindən daha yüksəkdir. Yeniavaz.com-un Böyük Britaniyanın "The Economist" jurnalı tərəfindən açıqlanan məşhur "Biq Mak" indeksinə əsasən apardığı hesablama göstərir ki, dolların real məzənnəsi 74 qəpik səviyyəsində olmalıdır.

Məlumat üçün bildirək ki, "Biq Maq" indeksi "The Economist" jurnalı tərəfindən 1986-cı ildən tərtib edilir. İndeks ABŞ-ın "McDonalds" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur "Biq Mak" adlı hamburgerinin qiyməti əsasında hazırlanır. "The Economist" jurnalının rəhbərliyi bu qənaətdədir ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan "Biq Mak"ın qiyməti götürülür. Əgər hər hansı ölkədə "Biq Mak"ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə şişirdilib. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər ölkədəki "Biq Mak" ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən "McDonalds" restoranlarında satılan "Biq Mak" hamburgerinin qiyməti 3 manat 95 qəpiyə bərabərdir. Mövcud məzənnə ilə hesabladığımız zaman deməli "Biq Mak" hamburgeri 2,32 dollara satılır. "The Economist" jurnalının açıqladığı sonuncu "Biq Mak" indeksinə görə ABŞ-da hamburgerin qiyməti 5,3 dollardır. Buradan belə görünür ki, Azərbaycanda hamburger ABŞ-la müqayisədə 2,3 dəfə ucuzdur. Bu həm də o deməkdir ki, dolların manat qarşısındakı mövcud məzənnəsi (1,7AZN/$) 2,3 dəfə "şişirdilib". "Biq Maq" indeksinə əsasən hesablama aparsaq o zaman, dolların real məzənnəsi 74 qəpik olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top