Çavuşoğlu: Bizimlə sanksiya dilində danışmaq olmaz

Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı “sanksiya dilini” yolverilməz hesab edir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Brüsseldə NATO XİN-nin toplantısı çərçivəsində ABŞ dövlət katibi Mayk Pompeoyla keçirdiyi görüşdən sonra bildirib.

“Biz Pompeoyla “S-400” mövzusunda müzakirələr apardıq. Ona bildirdik ki, bu sistemlərə ehtiyacımız var. “S-400”lə bağlı proses hələ sanksiyalar tətbiq olunmazdan əvvəl yekunlaşıb.

“Sən S-400 alsan, sənə qarşı sanksiya tətbiq edəcəyik” söhbəti bizimlə keçməyəcək. “S-400”in məsələsi bağlansa da, bizim HHM sistemlərinə ehtiyacımız var. Əgər müttəfiqlərimizdən “Patriot” və ya digər sistemlər üzrə təkliflər alsaq, bu məsələni yenidən nəzərdən keçirə bilərik”, - deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək, bir neçə ay əvvəl Vaşinqton Rusiyanın hərbi sektoru ilə əməkdaşlıq edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı xəbərdar edib.

ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel bildirib ki, Ankaranın Rusiyadan “S-400” sistemləri alması, ABŞ-a aid beşinci nəsil “F-35” qırıcılarının Türkiyəyə tədarükünə xələl gətirə bilər. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top