"50 şagirdin, 4 müəllimin zəhərlənməsi xəbəri yalandır" - Direktordan açıqlama

Bir neçə gün öncə Unikal.org saytında yayımlanan ""Dünya" məktəbində kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim..." başlıqlı xəbər böyük rezonansa səbəb olub. Yeniavaz.com saytı xəbər verir ki, sözügedən məlumatı həmin sayta istinadən digər saytlar da yayıblar. "Xəzər" Universitetinin nəzdində fəaliyyət göstərən "Dünya" məktəbinin direktoru Mərufə Mədətli Yeniavaz.com saytına açıqlamasında yayılan məlumatı təkzib edib və əslində belə bir hadisənin baş vermədiyini bildirib.

Direktor iddia edib ki, belə bir xəbərin yayılması təxribatdır: "Bu xəbər yayımlanandan sonra polis və prokurorluq orqanlarının nümayəndələri məktəbimizə gəldilər, araşdırma apardılar, valideynləri, müəllimləri dinlədilər və yazılanların heç biri özünü doğrultmadı. Saytda məlumat yayılandan sonra aprelin 23-də Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik və oradan şöbə müdiri gəldi, bütün yeməklərdən nümunə götürüldü. Həmin nümunələrin bakterioloji müayinələrinin cavabı müəyyənləşib - heç bir mikrob, bakteriya yoxdur. Bununla bağlı bizə rəsmi şəkildə cavab verilib. Xahiş edirəm, həmin cavabları da öz saytınızda yayımlayasınız. Saytlara belə bir hadisənin baş verməməsi ilə bağlı təkzib göndərmişik, ancaq Unikal.org bunu qəbul etmədi.

"Xəzər" universiteti təbii ki, onları məhkəməyə verəcək. Əllərində heç bir sübut, əsas olmadan 50 şagird zəhərlənib deyə məlumat yayıblar. Belə deyək, kiminsə dediyinə əsasən. Mənə saxta səs göndəriblər, deyirlər "bu sizin səsinizdir, bütün valideynləri yığıb onlara pul təklif etmisiniz ki, məsələni ört-basdır etsinlər". Bu səsin mənə aid olmadığını bildirdim. Qətiyyən belə bir şey ola bilməz. Mənimlə danışan jurnalistlər də ayırd edə bilmədilər ki, bu mənim səsimdir, ya yox. Çünki o səslə mənim səsim oxşar deyil".

Direktorun sözlərinə görə, bu məlumat yayılandan sonra polis, prokurorluq orqanları 4 gündür araşdırma aparırlar: "Gəlirlər, araşdırma aparırlar, valideynləri danışdırırlar və onlar da bildirirlər ki, bu xəbər təxribatdır. Bizim məktəbin uşaqları arasında burada verilən yeməklərdən zəhərlənmə faktı olmayıb. Uşaqlardan bəziləri sadəcə olaraq Bakı şəhərində yayılmış qrip virusuna yoluxublar. Həkimlər çağırılıb, qrip virusundan xəstələnən uşaqlar çağırılıb. Heç bir zəhərlənmədən söhbət gedə bilməz. Qrip virusu şəhərdə yayılıb, bizim uşaqlar da yoluxublar, amma bu zəhərlənmə demək deyil".

Mərufə Mədətli "Dünya" məktəbində 1000-ə yaxın şagirdin təhsil aldığını bildirib: "70 sinifimiz, 1000 şagirdimiz var. Elə gün olur 70-75 uşaq dərsə gəlmir. Hər sinifdən 1 uşaq müəyyən səbəbdən dərsə gəlməyəndə 70 uşaq edir.

Həmin gün isə 50 uşaq dərsə gəlməmişdi. Əslində, həmin gün dərsə davamiyyət digər günlərdən daha yaxşı olub. Onlar isə yazıblar ki, 50 uşaq zəhərlənib. Həmin 50 uşağın içərisində xaricdə olan var, suçiçəyi keçirən var, xəstələnən var. Yəni müxtəlif səbəblərdən dərsə gəlməyiblər. Həmin gün dərsə gəlməyənlərin siyahısını prokurorluq bizdən götürüb".

Direktorun sözlərinə görə, uşaqlar həmin gün 12.00-13.00 radələrində yeməklərini yeyiblər: "Həkimlər bildirirlər ki, əgər zəhərlənmə olsaydı, ən geci 1 saat ərzində özünü büruzə verərdi. Çünki zəhərlənmə dərhal özünü göstərir. Bu uşaqlarda isə xəstələnmə ən tezi axşam 20-21 rədələrində baş verib. 6-cı gün, bazar günü də davam edib. Hətta 1-ci gün səhər biz bir uşağı qızdırmalı olduğuna görə evə yola salmışıq. Bütün bunlar göstərir ki, uşaqların xəstəliyinin zəhərlənmə ilə əlaqəsi yoxdur. Onu da qeyd edim ki, valideynlərin heç biri uşağın zəhərlənməsi diaqnozu ilə bağlı bizə arayış gətirməyib. Bir daha qeyd edirəm ki, bu bizim məktəbə qarşı təxribatdır. Çünki hazırda məktəbimizə şagird qəbulu aparılır".

Sonda direktor onu da bildirib ki, "KİV haqqında" qanuna əsasən əsası olmayan məlumatlar yayan saytlarla bağlı məhkəməyə müraciət ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top