Yeni nazir ağac qıranlarla BACARA BİLƏCƏKMİ?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib. Uzun illər bu nazirliyə rəhbərlik etmiş Hüseynqulu Bağırovun səhhətindəki problemlərlə bağlı bu vəzifədən imtina etdiyi bildirilir.

Məlumat üçün bildirək ki, yeni nazir Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

Bəs ekologiya üzrə tanınmış mütəxəssislər, həmişə bu sahədəki problemləri kəskin tənqid edənlər yeni nazirdən nə gözləyirlər? Onların fikrincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ağac qıranlarla mübarizədə yeni səlahiyyət verilməlidirmi?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Yeniavaz.com saytına bildirib ki, yeni səlahiyyət məsələsinə ancaq hökumət səviyyəsində baxıla bilər: "Səlahiyyəti verən nazirlik deyil, Prezident Administrasiyası, Nazirlər Kabineti və Milli Məclis məsləhət olsa, bunu edə bilər. Onu deyə bilərəm ki, yeni nazir Muxtar Babayev təmiz, kristal adamdır. Bu realdır".

Telman Zeynalov hesab edir ki, yeni nazir işinin mahiyyətini bilir: "Azərbaycan Dövlət Neft Şirkətində ətraf mühitə cavabdeh şəxs Muxtar Babayev olub. Mən onu çoxdan tanıyıram, təmiz şəxsdir. Özünü öyməyən, özünü başqalarından üstün tutmayan bir insandır. Çox hörmətcil insandır. Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvüyəm. 2 dəfə dalbadal həmin şuranın sədri oldum, sonra təhvil verdim, gördüm ki, iş zəif gedir. İmtina etdim. Ancaq Muxtar Babayev nazir təyin olunandan sonra sədrliyi yenidən qəbul edəcəyəm. Lazım olsa bu işlərdə ona dəstək verəcəyəm".

Telman Zeynalov deyib ki, ağacların qırılmasına icra başçıları şərait yaradırlar: "Bütün icra hakimiyyəti başçısı təyin olunacaq şəxsləri dövlət başçısına Prezident Administrasiyası təqdim edir. Düz-əməlli, layiqli adam seçib qoysunlar ki, onlar rayonlarda özbaşına hərəkət etməsinlər. Bütün rayonlarda meşələrin qırılmasına şərait yaradan onlardılar. Hüseyn Bağırov onlara qalib gələ bilmirdi. İnanmıram ki, bu nazir də onlara qalib gələ bilsin. Çünki onların arxasında nəhəng şəxs durur. Düzdür, həmin şəxs onlara demir ki, gedin ağacları qırın, sadəcə öz bildiklərini edirlər. Cənab Prezident son seçkilərdən sonra yeni şəxsləri vəzifəyə təyin etdi. Haram pul qazananlarla bağlı ölçü götürülməlidir, qanun bunu tələb edir. Muxtar Babayevi 25 ildən çoxdur tanıyıram. Təmiz adamdır, ürəyi təmiz şəxsdir. Hüseyn Bağırov da pis adam deyildi. Ancaq onun ətrafında "qurdlar" çox idi. Ümid edirəm ki, Hüseyn Bağırovun reallaşdıra bilmədiklərini yeni nazir həyata keçirə biləcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top