Daha bir türkiyəli iş adamı Azərbaycandan QAÇIRILDI

Türkiyəli biznesmen, Gülənçi olduğu deyilən Mustafa Ceyhan ötən gün Bakıda məhkəmə binasının qarşısında naməlum qrup tərəfindən qaçırılıb.

Bu barədə Mustafa Ceyhanın həyat yoldaşı Tvitter-də yazıb.

Onun bildirdiyinə görə, əri ötən gün aprelin 26-da Bakıda saat 12.00 radələrində məhkəmə binasından çıxarkən mikroavtobusda gələn 8-9 nəfərlik qrup tərəfindən tutulub və naməlum istiqamətdə aparılıb.

Gələnlər mülki geyimdə olub. Ceyhanın həyat yoldaşı və uşaqları Gürcüstandadır, onlar narahatdır ki, biznesmeni Türkiyəyə ekstradisiya edə bilərlər.

“Mən Məryəm Ceyhan, Mustafa Ceyhan mənim ərimdir. 20.04.2017-ci il tarixdə o Azərbaycana ezamiyyətə gedərkən həbs olunub və 1 il həbsə məhkum edilib. 26.04.2018-ci il tarixdə təkrar məhkəmə olub, onun həbs müddəti bitdiyi üçün hakim ərimi azad edib. Lakin o məhkəmə binasından çıxan kimi “Volkswagen Transporter” avtomobilində gələn qrup tərəfindən qaçırılıb. Bu vaxt ərimin yanında vəkili və BMT tərəfindən təyin edilmiş başqa vəkil olub, amma onlar heç nə edə bilməyiblər"-Meryem Ceyhan yazıb.

Xatırladaq ki, bundan əvvəl türkiyəli iş adamları Ayhan Səfəroğlu və Ərdoğan Taylan da məhkəmə qərarı ilə azadlığa çıxsalarda, ölkədən qaçırılıblar. Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top