
Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2018-ci il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2018") adlı yeni hesabatını açıqlayıb. Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 1 pillə pisləşib. Ötən il 180 ölkə arasında 162-ci sırada yer alan Azərbaycan bu il 163-cü sıraya geriləyib. Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:
0-15 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "yaxşı" ("ağ"),
15-25 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "nisbətən yaxşı" ("sarı"),
25-35 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "problemli" ("narıncı"),
35-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "pis" (qırmızı"),
55-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "çox pis" ("qara")
Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2018-ci ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini "çox pis" olaraq qiymətləndirib. 2017-ci il hesabatında 56,4 bal toplayan Azərbaycanın vəziyyəti bu il bir qədər də pisləşərək 59,7 bala yüksəlib.
Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız İran (164-cü yer), Özbəkistan (165-ci yer) və Türkmənistanda (178-ci yer) daha pis olub.
Keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Estoniya (12-ci yer), Latviya (24-cü yer), Litva (36-cı yer) və Gürcüstanda (61-ci yer) qeydə alınıb. Onu da bildirək ki, Gürcüstan mətbuat azadlığı sahəsində Yaponiya, Yunanıstan, Malta, Albaniya kimi ölkələrdən öndə olub. Digər keçmiş SSRİ və region ölkələrinin hesabatdakı mövqeyi belə olub: Ermənistan 80-ci yer, Moldova 81-ci yer, Qırğızıstan 98-ci yer, Ukrayna 101-ci yer, Rusiya 148-ci yer, Tacikistan 149-cu yer, Belarus 155-ci yer, Türkiyə 157-ci yer, Qazaxıstan 158-ci yer.
Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, İsveç, Hollandiya, Finlandiya və İsveçrəyə məxsus olub. Ən pis vəziyyət isə Şimali Koreya, Eritreya, Türkmənistan, Suriya və Çində qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz