Ən zəngin gürcü siyasətə qayıdır

Gürcüstanın keçmiş baş naziri, ölkəsinin ən zəngin biznesmeni olan Bidzina İvanişvili siyasətə qayıtmaq qərarına gəlib. Bu barədə Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvili açıqlama verib.

Baş nazirin sözlərinə görə, o, İvanişviliyə hakim “Gürcüstan arzusu” partiyasının sədri vəzifəsini tutmağı təklif edib. Qarşı tərəf bu təklifi müsbət qarşılayıb.

Kvirikaşvilinin sözlərinə görə, may qurultayında partiya sədrinin seçilməsi ilə bağlı səsvermə keçiriləcək. O, İvanişvilinin sədrliyə yekdilliklə qəbul olunacağına əminlik ifadə edib.

1990-cı illərdə varlanan İvanişvili 2012-ci ildə “Gürcüstan arzusu” partiyasını təsis edib və sonradan ona başçılıq edib. Həmin ilin oktyabr ayında partiya parlament seçkilərində qalib gəlib və o, baş nazir seçilib.

Ancaq bir il sonra İvanişvili “əsas tapşırığın yerinə yetirildiyini” bildirərək, tutduğu vəzifədən istefa verib və bir daha hakimiyyətə qayıtmayacağına söz verib.

Gürcüstanın ən zəngin iş adamı olan İvanişvilinin varidatı 4,6 milyard dollara yaxındır. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top