Xəbərdarlıq: Robot "işçilər" insanları işsiz qoyacaq

Son illər inkişaf etmiş ölkələrin iqtisadiyyatında, xüsusən də sənaye sektorunda insan əməyinin yerini texnoloji avadanlıqlar - robotlar tutmağa başlayıb. Yeniavaz.com Beynəlxalq Robotlar Federasiyasından açıqlanan məlumata istinadən bildirir ki, dünyada üzrə sənaye müəssisələrində hər 10 000 işçiyə düşən robotların sayı 74-ə bərabər olub. Avropada bu göstərici daha yüksək olub - 99 robot. Amerika qitəsində hər 10 000 işçiyə düşən robotların sayı 84, Asiya qitəsndə isə 63 olub.

Açıqlanan məlumatlardan belə görünür ki, robotlardan ən çox istifadə edən ölkə Cənubi Koreyadır. Koreyada hər 10 000 işçiyə düşən robotların sayı 631 olub.

Məlumat üçün bildirək ki, robot "işçilər" daha çox elektronika sənayesində istifadə olunur. Əvvəllər insan əməyindən istifadə olunan bir çox sahələrdə artıq robotlar iş görürlər.

Cənubi Koreyadan sonra dünyada robot "əməyindən" ən çox istifadə edən ölkələr Sinqapur, Almaniya, Yaponiya və Danimarka hesab olunur. Bu ölkələrdə hər 10 000 işçiyə düşən robotların sayı müvafiq olaraq 488, 309, 303 və 211 olub. ABŞ-da bu göstərici 189-a bərabərdir. Sənaye müəssisələrində robotlardan daha çox istifadə edən ölkələrin ilk 10-luğuna 185 robotla (hər 10 000 işçiyə düşən say) İtaliya, 160 robotla İspaniya, 145 robotla Kanada, 132 robotla Fransa və 128 robotla İsveçrə daxildir.

Dünyada robotlardan ən çox istifadə edən ölkələr arasında Böyük Britaniya və Çin də qərarlaşıb. Böyük Britaniyada hər 10 000 işçiyə düşən robotların sayı 71, Çində isə 68-ə bərabərdir.

Qeyd edək ki, azərbaycan Beynəlxalq Robotlar Federasiyasının hesabatında yer almayıb. Qonşu Türkiyədə hər 10 000 işçiyə düşən robotların sayının 19 olduğu bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, sənaye müəssisələrində robotların "əməyindən" istifadə sürətlə artmaqdadır. Yaponiyada sənaye məhsullarının təxminən yarısı artıq robotlar tərəfindən istehsal olunur. Mütəxəssislər belə hesab edirlər ki, yaxın gələcəkdə inkişaf etmiş ölkələrin sənaye müəssisələrində robotlardan istifadə səviyyəsi 80-90%-ə (ümümi işçi sayına görə) çatacaq. Robotlardan istifadə səviyyəsinin artması həmin ölkələrdə insanlar kütləvi şəkildə işsiz qalmasına gətirib çıxara bilər.

DİGƏR XƏBƏRLƏR

Top