Əri həbsdə olan xəstə qadın balaları ilə acınacaqlı vəziyyətdə yaşayır - FOTOLAR

Mingəçevirdə müvəqqəti məskunlaşmış Səttərovlar ailəsi ölümlə üz-üzə qalıb. Belə ki, şəhərin “Şəfa” bağçılıq sahəsində palçıqdan tikilmiş balaca daxmada yaşayan 35 yaşlı, 4 az yaşlı uşaq anası Səttərova Sənəm Məmməd qızı imkanlı şəxslərədən yardım istəyir. Yeniavaz.com xəbər verir ki, ağır durumda yaşayan ailənin başçısı həbsdə olduğu üçün ailə xəstə ananın ümidinə qalıb. Onların yaşadıqları ünvan şəhərdən çox aralı bir məsafədə, şəhərin zibilliyi yerləşən ərazidədir. Yəni hər tərəfə uzaq olan bu yaşayış massivində heç bir şərait yoxdur. Uşaqlar ac-susuz, geyimləri belə yoxdur. Ailənin böyük qızı 3-cü sinifdə oxuyur. Balaca 3 yaşlı Aygün isə 3 yaşı olmasına baxmayaraq, hələ yerimir. Xəstə olan Aygünün əməliyyata ehtiyacı var. Bu mənzərəni gözlə görməyənlər yəqin inanmayacaqlar ki, indi dövrdə belə şəraitdə ilanlarla, əqrəblərlə çarpışaraq bir yerdə yaşayan ailə var. Palçıqdan tikilən ev ortadan bölünüb. Yağan yağış suları da evin içərisindədir. Heç bir yaxını olmayan Sənəm Səttərova deyir ki, aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, kömək edən yoxdur. Bu ailə uşaqlara sosial yardım da ala bilmir: “Mənə deyirlər balalarını ver uşaq evinə. Amma uşaqlarımdan ayrılmaq istəmirəm. Ölsək də elə bir yerdə ölək”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top