Prezident İlham Əliyevin "ASAN xidmət"in keçmiş rəhbəri İnam Kərimovu Kənd təsərrüfatı naziri təyin etməsi xəbəri son günlərin ən çox müzakirə olunan mövzularındandır. "ASAN xidmət" kimi şəffaf, vətəndaşların razı qaldığı bir sistemə rəhbərlik edən şəxsin kənd təsərrüfatı naziri təyin edilməsi bu sahədə yeni mərhələnin başlayacağına ümidləri artırır. Bəs yeni nazir ən çox hansı məqamlara diqqət yetirəcək? Hansı addımların atılması bu sahədə gözlənilən inkişafa şərait yarada bilər?
Mövzu ilə bağlı Yeniavaz.com saytına iqtisadçı alim Vüqar Bayramov açıqlama verib: "Bu gün kənd təsərrüfatında mövcud çətinlikləri qruplaşdırsaq və eyni zamanda son illər əldə edilən nailiyyətlərə diqqət yetirsək, görərik ki, artım tempi qorunub saxlanılırdı. Ancaq aqrar məhsulların ixracatı ilə bağlı hədəflərimiz fərqlidir.
Azərbaycanın illk qeyri-neft ixracatı 1,5 milyard dollardır, bunun da təxminən 60 faizi aqrar sektorun payına düşür. Həm emaledici, həm xammal formasında aqrar sektorun illik ixracatı təxminən 900 milyon dollardır.
Kənd təsərrüfatı ənənəvi sektorlardan biri olunan Azərbaycan üçün 900 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixracı böyük rəqəm deyil.
Azərbaycanla ərazisi təxminən eyni olan Niderlandda kənd təsərrüfatı məhsullarının ixracatının illik həcmi 93 milyard dollardır. Tamamilə fərqli bir məbləğdən söhbət gedir. Azərbaycan üçün də aqrar ixracat prioritetdir, artırılması hədəfdir. Əslində bu gün dünyada kənd təsərrüfatının idarəetməsinə yanaşma dəyişib. Bizdə hələ də çoxları fikirləşir ki, kənd təsərrüfatının idarə edilməsinə bu sahə ilə bağlı mütəxəssis rəhbərlik etməlidir, amma olmaya da bilər. Niderland təcrübəsi göstərir ki, kənd təsərrüfatında əsas islahatlar innovativ və intensiv istehsalın formalaşması istiqamətində olmalıdır. Ekstensiv istehsaldan intensiv istehsala keçməklə məhsuldarlığın artırılması mümkündür. Bu da nəticə etibarı ilə daha çox məhsulun istehsalına gətirib çıxara bilər".
"ASAN xidmət"in keçmiş rəhbəri cəmiyyətdə korrupsiyasız bir xidmətin qurulmasında birbaşa iştirak edən şəxs kimi tanınıb. "ASAN xidmət" etiraf etməliyik ki, xaricdə Azərbaycanın ən çox təqdim etdiyi modeldir. "ASAN" hətta yeganə modeldir ki, bir sıra inkişaf etməkdə olan ölkələr onu öyrənib özlərində tətbiq etməyə çalışırlar. "ASAN" xüsusi bir təcrübə idi, həm biznes sektoru, həm də vətəndaşlar üçün rüşvət və korrupsiyanın olmadığı bir sistemdir. Son təyinat da ondan xəbər verir ki, aqrar sektorda şəffaflığın gücləndirilməsinə ehtiyac var. Çünki aqrar sektor kifayət qədər böyükdür. Burada məşğul əhalinin 37 faizi çalışır, lizinq xidmətləri var, texnikanın bölüşdürülməsi var, gübrə verilməsi, mal-qaranın alınıb gətirilməsi, paylaşdırılması, yəni xeyli maliyyə əməliyyatı tələb edən fəaliyyətlər var. Bu fəaliyyətlər üzrə şəffaflığın gücləndirilməsinə ehtiyac var. Hesab edirəm ki, yeni nazirin təyin olunması şəffaflığın gücləndirilməsinə imkan verəcək. Eyni zamanda bu təyinat innovasiyanın kənd təsərrüfatına transfer edilməsi baxımından vacibdir. İntensiv istehsalın təşkil edilməsinə ehtiyac var. Hələ də məhsuldarlıq əksər məhsullar üzrə aşağıdır. Məhsuldarlığın aşağı olması Azərbaycanda kənd təsərrüfatı məhsullarının istənilən həcmdə artmasına imkan vermir.
"ASAN"ın keçmiş rəhbərinin əvvəlki işində fəaliyyətini nəzərə alsaq və bu gün aqrar sektorun tələblərini müəyyənləşdirsək, bunları qeyd edə bilərik: aqrar sektorda şəffaflığın gücləndirilməsi, intensiv istehsalın tətbiq edilməsi, məhsuldarlığın artırılması və innovasiyanın transferi əsas priotetlər sırasındadır. Yeni təyinat bu prioritetlərin reallaşmasına xidmət edir. Son təyinatdan sonra biz kənd təsərrüfatının inkişafında irəliləyişlər müşahidə edə biləcəyik. Yeni nazir bu sahədə xüsusi töhfə göstərə bilər.
Qeyri-neft ixracatının "Strateji yol xəritəsi"nə uyğun olaraq yaxın müddətdə 4 milyard dollara çatdırılması planlaşdırılır. Mövcud faizi nəzərə alsaq, bu o deməkdir ki, yaxın illərdə kənd təsərrüfatının ixrac imkanlarının 2 milyard dollara çatdırılması əsas hədəfdir. Hər bir qurumda rəhbər dəyişikliyi özünü hansısa formada göstərir. Böyük ehtimalla 2018-ci ilin 2-ci yarısında biz kənd təsərrüfatında xüsusən də innovasiyanın tətbiqi istiqamətində dəyişiklikləri müşahidə edəcəyik",-deyə V. Bayramov vurğulayıb.
Nicat