Bakıda tikilməkdə olan ticarət mərkəzi uçurulub - FOTOLAR + VİDEO

Bakı Dairəvi Yolunun üzü şəhər istiqamətində sağ tərəfində - "Lukoyl" yanacaq doldurma məntəqəsinə çatmamış ərazidə inşa olunan böyük ticarət mərkəzi sökülür.

Yeniavaz.com saytı xəbər verir ki, "Sədərək" Ticarət Mərkəzi ilə arasındakı məsafə təxminən 1 kilometr olan bu obyektin tikintisinə 4-5 ay öncə başlanılmışdı. Demək olar ki, son 1 ayda ticarət mərkəzində inşaat işləri başa çatmış və ərazidə inşaat materiallarının satışı planlaşdırılırdı. Artıq satılacaq məhsullar da əraziyə daşınmaqda idi.

Bir neçə gündür ticarət mərkəzinin sökülməsinə başlanılıb. Əslində bu ticarət mərkəzinin həmin ərazidə tikilməsi ilə bağlı çox sözlər yazmaq və demək olar. Belə ki, "Sədərək" Ticarət Mərkəzi və "Meyvəli"dən gələn və Bakı Dairəvi yoluna çıxan körpünün sol tərəfində kiçik bir ərazidə - yolla dağın arasında belə bir obyektin tikilməsi çoxlarının təəccüb və marağına səbəb olmuşdu. Gələcəkdə həmin ticarət mərkəzinə gələn maşınlar tıxaca və digər nəqliyyat vasitələrinin hərəkətinə mane ola bilərdilər. Elə isə bunu həmin obyektin tikintisinə razılıq verənlər görmürdülərmi? Görürdülərsə, icazə vermələrinə səbəb nə idi?

Tikinti işləri başa çatana yaxın ticarət mərkəzinin sökülməsi özü də bir qəribəlikdir. Hazırda ərazidə söküntü işləri davam edir və ətrafa tökülən, dağılan söküntü materialları çox əcazib bir görüntü yaradır. Obyektin bir hissəsi isə hələ tam sökülməyib.

Bu hadisə bizim də maraq və təəccübümüzə səbəb olduğu üçün obyektin yerləşdiyi əraziyə cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edib suallarımıza cavab almağa çalışdıq.

İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin rəhbəri Munis Bayramov ticarət mərkəzinin sökülməsinə bir müddətdir başlanıldığını bildirdi. Onun sözlərinə görə, həmin obyektin sökülməsi ilə bağlı sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti verib.

M. Bayramov daha ətraflı məlumatı Qaradağ Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rövşən Səmədzadədən ala biləcəyimizi bildirdi.

R. Səmədzadənin saytımıza verdiyi məlumata görə, bu ticarət obyektinin tikintisinə razılıq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilməyib: "Düzdür, bizə aid olan məsələlər də var, ancaq icazəni biz verməmişik. Əgər razılıq var idisə, onu Bakı Şəhər İcra Hakimiyyəti vermişdi. Dəqiq olan isə odur ki, həmin ticarət mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə sökülür. Amma niyə belə bir qərar verilib, nə vaxt verilib, səbəb nə olub, tam məlumatım yoxdur. Sizə bu barədə ətraflı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti verə bilər".

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti isə həmişə olduğu kimi zənglərə cavab vermir...

Nicat

ticaret

DİGƏR XƏBƏRLƏR

Top