"Süni mayalanma" adı altında vətəndaşın 7000 manatını aldılar - VİDEO

Sənan Mövsümov uzun illərdir ailə qurub. Övladı olunmadığından Bakıda bir sıra klinikalarda müxtəlif mütəxəssislərlə görüşüb dərdinə çarə axtarıb. Sonsuzluq problemi ilə üzləşən ailə başçısı deyir ki, reklamlara aldanaraq müxtəlif özəl klinikalara müraciət edib. Nəhayət ötən ilin payızında xanımı Günayla birlikdə süni mayalanma proseduru üçün "HB Güven” klinikasına üz tutub. Burdan bildirlib ki, klinikada daha çox türkiyəli həkim Öndər Tulumbaciyə müraciət olunur.

"Beləliklə ailəmlə birlikdə Öndər bəyin qəbulunda oldum. Müalicələrimizlə bağlı onu məlumatlandırdıq. Həkim məsləhət gördü ki, yenidən rentgen müayinələrindən keçək. Baxmayaraq ki, rentgen müayinələrindən keçmişdik. Amma yenə Öndər bəyin dediyi kimi getdik analizlərimizi verdik, proseduralardan keçdik". Müayinələrdən keçən gənc ailə cavabları ilə birlikdə Öndər bəyin qəbuluna gəlir və nəticəni ona təqdim edirlər.

"Sənədlərimizlə tanış olduqdan sonra dedi ki, sizin də, xanımınızın da faiz dərəcəsi azdır. Amma mən bacardığım qədər sizə söz verirəm ki, övladınız olacaq. Yüz faiz alınmasına söz verməsə də, bizə dedi ki, 5000 min manat ödəyəcəksiniz, əgər birinci mərhələdə alınmazsa, biz pulun yarısını qaytaracağıq. Əgər ikinci mərhələyə başlayası olsaq, onda yenidən əlavə ödəniş edərsiniz. Mən pulu ödədim, qəbz istədim, dedilər ki, biz bu ödəniş üçün qəbz vermirik".

Həkimin məsləhəti ilə Sənan bəy əvvəlcə klinikaya 2000 manat ödəyir. Öndər bəy ailəyə məbləğin yerdə qalanını yəni 3000 manatı süni mayalanmanın aparıldığı Nərimanov rayonu ərazisində yerləşən "Sərhədçi" adlanan laboratoriyaya ödəməyi məsləhət görür.

"Yoldaşım hamilə deyil. Bunun üçün yenidən ikinci dəfə müraciət etdik. Öndər həkimlə görüşdüm. Köməkçisi Ceyran xanım da yanında idi. Dedi ki, bu dəfə 100 faiz olacaq. Mən bu dəfə ondan insan kimi soruşdum ki, hətta nəticə olmayacaqsa belə bunu gizlətməyin. Mən onsuzda buna görə yoldaşımdan ayrılan deyiləm. İkinci dəfə pulu alandan sonra ailəni əmin ediblər ki, bu dəfə mütləq övladları olacaq və klinika pulu donora ödəmək üçün ailəni tələsdirir".

Lakin ailənin nə övladı olur, nə də müalicə üçün ödənilən məbləğ geri qaytarılır. Sənan Mövsümov klinikanın baş həkimi uzman doktor Rəşad Zeynalovla görüşmək istəsə də, buna imkan verilmir. Pasiyent yenidən Öndər Tulumbaci ilə görüşmək istəsə də, həkim qeydiyyat masasına belə bir pasiyent tanımadığını, "HB Güven” klinikasında sünü mayalanmaya icazə verilmədiyini deyib və Sənan Mövsünovla görüşdən ümumiyyətlə imtina edib. Məsələnin mahiyyətini araşdırmaq üçün üz tutduq "HB Güven” klinikasına.

Qeydiyyat masasından bildirdilər ki, Öndər Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir. Öndər Tulumbacinin qəbuluna düşməyin qiyməti 80 manatdır. Onun qəbuluna yazılmaq istəyən xəstələr bir-iki həftə əvvəldən müraciət etməlidir. Ö. Tulumbacinin müayinə etdiyi xəstələrlə söhbətimizdən məlum oldu ki, həkimin qəbulu da daxil olmaqla analiz və digər müayinələrə 300-500 manat arası pul xərcləyirlər. Klinikanın mühafizə xidməti çəkiliş aparmağa, baş həkimlə görüşə icazə verməyib. Çəkiliş qrupu mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmaq istədiyi bildirdikdə isə Atatürk prospekti, 57c ünvanına sahə müvəkkili çağırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın məsələyə münasibəti isə belə olub: "Nazirlik özəl klinikaların işinə müdaxilə etmir. Şikayətçi Sənan Mövsümov özü nazirliyə müraciət etməlidir. Bundan sonra məsələnin həlli ilə bağlı ölçü götürülə bilər".

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2011-ci ildə 7368 ailə övlad həsrətindən yollarını ayırıb. Son iki ildə isə pozulan nikahların təxminən 15 mini sonsuz ailələrin payına düşür.APATV

Süni mayalanma

DİGƏR XƏBƏRLƏR

Top