Şəki məktəbliləri Azərbaycan Texnologiya Universitetində olublar

Şəki şəhərində yerləşən orta məktəblərin sonuncu siniflərində təhsil alan şagirdlər Azərbaycan Texnologiya Universitetinə (UTECA) səfər edib. Yeniavaz.com xəbər verir ki, “Şəki” Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirə Oğuz, Qəbələ və İsmayıllıdan olan məktəblilər də qatılıb.

Əvvəlcə prorektorlar Vüqar İsmayılov və Səbuhi Yusifov şagirdlərə universitet haqqında ətraflı məlumat veriblər. Sonra qonaqlar universitetin auditoriya, laboratoriya və təlim mərkəzləri ilə əyani tanış olublar. Logistika təlim-tədris mərkəzində, Tikiş məmulatları istehsalının tədris-istehsalat laboratoriyasında, Dequstasiya otağında, "Barama" sahibkarlıq və innovasiya mərkəzinin UTECA-dakı regional ofisində məktəblilərə bu bölmələrin fəaliyyəti, mütəxəssis hazırlığındakı rolu barədə geniş məlumat verilib, onların sualları cavablandırılıb.

Sekil

Sonda qonaqlar rektor, professor Akif Süleymanovla görüşüb. Rektor gənclərə ölkəmizdəki hazırki iqtisadi inkişafın istiqamətləri və buna müvafiq olaraq yaranan kadr tələbatı haqqında danışıb. O, qeyd edib ki, sayı sürətlə artmaqda olan yeni emal və istehsalat müəssisələri mühəndis-texnoloqlara ehtiyacı da durmadan artırır. Gələcəyin mütəxəssisləri isə bu amili mütləq nəzərə almalı, ölkə iqtisadiyyatının qeyri-neft istiqamətinin inkişaf etdirilməsində fəal rol oynamalıdırlar. Görüşün sonunda “Şəki” Hazırlıq Mərkəzinin direktoru Şöhrət İbadov rektor Akif Süleymanova üzərində Azərbaycan Texnologiya Universitetinin adı yazılan Şəki halvası təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top