"Ölən süpürgəçinin qızları təzə kirayə evə köçürüləsi olmadılar"

Avtomobil yolunu süpürərkən vurulan və hadisə yerində ölən süpürgəçi Cəmilə Salahovanın qızları üçün ev tikintisi davam edir.

Bu barədə Yeniavaz.com saytına qızların dayısı Bəhlul Salahov məlumat verib. Onun sözlərinə görə, artıq evin bünövrəsinin betontökmə işləri yekunlaşıb: "Özüm dedim ki, qoy 2-3 gün fasilə verək, beton tam qurusun. Ona görə işlər 2-3 gündür dayanıb. Bu gün tikinti üçün lazım olan daşlar gətiriləcək. Yəqin ki, sabahdan tikinti işləri davam etdiriləcək".

Süpürgəçinin qızları üçün oxuduqları məktəbin yanında kirayə ev tutulması isə baş tutmayıb. Bəhlul Salahov bildirib ki, özləri bundan imtina ediblər: "Bacımın işlədiyi JEK-in rəhbərliyi qızların oxuduğu məktəbin yanında kirayə ev tapmışdılar. Fikir bu idi ki, ev tikintisi başa çatanadək bacım və qızlar orada qalsınlar. Amma axırda belə qərara gəldik ki, ora köçməsinlər. Çünki evin tikintisinin maksimum 3 ay ərzində yekunlaşması planlaşdırılır. Ona görə bir evə köçmək, təzədən orada başqa yerə köçmək bir az çətin gəlir. Belə qərara aldıq ki, qızlar elə əvvəlki evdə qalsınlar. Elə mən özüm də gedib hərdən onların yanında qalıram. Qoymaq olmaz tək qalsınlar, qorxarlar".

Bəhlul Salahovdan qızlara başqa insanların kömək edib-etmədiklərini də soruşduq: "Bir xanım zəng vurmuşdu, dedi ki, uşaqlarımın geyimi əyinlərinə olmur, istəyirəm onları qızlara verim. Amma sonra səs-soraq olmadı. Başqa heç kim zəng vurmayıb. Siz jurnalistlər də sağ olun, zəng vurub maraqlanırsınız".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top