Son 3 ayda Azərbaycanda 150 müəssisə bağlanıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 3 min 55 yeni müəssisə və təşkilat yaradılıb. Yeniavaz.com Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə müəssisə və təşkilatların sayı 2,3 %a artaraq bu ilin aprelin 1-i vəziyyətinə 121 min 325-ə çatıb. Son 3 ay ərzində ləğv edilən müəssisə və təşkilatların sayı isə 150 olub.

Yeni yaradılan müəssisə və təşkilatların 3 min 5-i xüsusi mülkiyyətli, 49-u dövlət mülkiyyətli, 1-i isə bələdiyyə mülkiyyətli olub. Ləğv olunan müəssisə və təşkilatların isə 124-ü xüsusi mülkiyyətli, 26-ı dövlət mülkiyyətli olub.

Qeydiyyatda olan müəssisə və təşkilatların 54,6%-i Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılan müəssisə və təşkilatların 61,8 %-i Bakıda, 11,7%-i Abşeron, 7,7%-i Aran, 4,3%-i Gəncə-Qazax, 4,2%-i Quba-Xaçmaz və 3,7%-i Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb.

Bu dövrdə Bakı şəhəri üzrə 102, Aran iqtisadi rayonu üzrə 20, Abşeron iqtisadi rayonu üzrə 15, Naxçıvan Muxtar Respublikası üzrə 3, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz və Yuxarı Qarabağ iqtisadi rayonlarının hər biri üzrə 2, Gəncə-Qazax və Dağlıq Şirvan iqtisadi rayonlarının hər biri üzrə isə 1 müəssisə ləğv edilib.

Xüsusi mülkiyyətə aid olan müəssisə və təşkilatların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (28,4%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (20,5%), “Tikinti” (10,6%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (9,1%), “Peşə, elmi və texniki fəaliyyət” (6,9%) və “Emal sənayesi” (5,8%) sahələrinin payına düşür.

Reyestrdə qeydiyyatdan keçən statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (32,3%), Böyük Britaniya (7,9%), İran (7,2%), Rusiya (7,1%), ABŞ (3,2%) və Almaniya (2,0%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top