"Bütün tənbəllər kasıb olur" - Sosioloq

"Uğur qazanmaq" ifadəsi çoxları üçün anlaşılan olsa belə, ona necə nail olma ilə bağlı hər kəs fərqli düşüncədədir. Müəyyən kəsim insanlar var ki, onların düşüncəsinə görə, indiki şəraitdə uğur əldə etmək elə də asan deyil. Onlar dediklərini əsaslandırmaq üçün yaradılan süni maneələri, qohumbazlıq, yerlipərəstlik, "hörmət" kimi problemləri əsas gətirirlər.

Amma bu yanaşma ilə razılaşmayan, "əgər savadın və qabiliyyətin varsa, müəyyən bir mərhələyədək uğur qazana bilməyində heç bir problem yoxdur, hər şey sənin öz əlindədir" fikrinə inananlar da az deyil. Onların fikrincə, yuxarıdakı səbəblərin təsiri ola bilər, ancaq bu heç də bir insanın uğur qazanması, müəyyən sahədə uğurlu olması üçün maneə deyil.

Etiraf edək ki, hər iki tərəf özünə görə haqlıdır və cəmiyyətimizdə onların dediklərinə nümunə ola biləcək faktlar az deyil.

"Vaxtın dəyərini bil, iş görməkdən qorxma"

Bəs uğurlu insan olmaq üçün başqa nə lazımdır? Mövzu ilə bağlı Yeniavaz.com saytının suallarını sosioloq Cavid İmamoğlu cavablandırıb. Sosioloqun fikrincə, uğurlu insan olmaq üçün bir neçə məqama diqqət yetirmək vacibdir: "Məsələn, tənbəl olmamaq. Mümkün qədər tənbəllikdən uzaq durmaq lazımdır. Geniş mənada həyatın bütün sahələrində - maddi və mənəvi həyatda tənbəllik eləməmək. Vaxtın dəyərini bilmək, iş görməkdən qorxmamaq. İkincisi, dözümlü olmaq. İnsan gərək çətinliklər qarşısında dözümlü ola bilsin, onları qəbul eləyib aşmağa gücü olsun".

"Potensialının olduğuna inan"

Sosioloqun fikrincə, üçüncü amil müqavimətdir: "İnsanın qəlbində gərək müqavimət gücü olsun. Hansısa hadisələr qarşısında öz müqavimətini ortaya qoysun, reaksiya versin.

Uğur əldə etmək üçün dördüncü vacib keyfiyyətlərdən biri inamın olmasıdır. Sən inanmalısan ki, qoyduğun hədəfə çatmaq üçün kifayət qədər gücün, potensialın var.

Beşincisi, yaxşılıq eləməyə adət etməlisən. Yaxşılıq sənin gündəlik rəftarın, xeyirxahlıq sənin gündəlik həyat tərzin olmalıdır. Qeyri-adi bir iş gördüm kimi olmamalıdır.

Ən əsası isə hörmətcil insan olmalısan, hörmət etməlisən. Proseslərdə, münasibətlərdə hər kəslə hörmətcil davranmalısan. Belə insanlar mənim fikrimcə, uğurlu insanlardılar. Onlar ola bilsin həyatda 1 manatın sahibidirlər, ola bilsin milyardın sahibidirlər, amma insan olaraq artıq uğur qazanıblar.

Uğurlu insanın gərək maddi və mənəvi rifahı olsun, müdrikliyi olsun, hadisələr qarşısında aqressiv yox, səbirli davransın.

Biz bir çox hallarda fikir veririk, pulu, varı olan insanlar var, amma uğurlu həyat tərzləri yoxdur, uğurlu ailələri yoxdur, uğurlu övladları yoxdur. Uğur odur ki, sən öz insani potensiallarını ortaya qoymusan və nəticə əldə etmisən".

"Uğur elə bir xüsusi kateqoriya deyil..."

"Mümkün deyil ki, bir insan tənbəl olmaya, bir insan dözümlü ola, çalışqan ola və eyni zamanda iqtisadi cəhətdən geriyə düşə, belə bir şey yoxdur. Bütün tənbəllər kasıbdır, belə deyək, dözümlü, tənbəl olmayanlar isə, həyatda özünə yer tutanlardır. Maddi nəzərdən də baxsaq, uğur dediyimiz, yəni iqtisadi rifah - saydığım kateqoriyalar ora da aiddir. Mənəvi cəhətdən də uğurlu olanlar tənbəl olmayıb özünə, mədəniyyətinə, əxlaqına fikir verən insanlardır. Onlar pak insanlardılar, əxlaqlı insanlardılar, münasibətlərdə insanlara dəyər verirlər, qarşılıqlı ünsiyyətə meyillidirlər, ailə, dostlar, cəmiyyət onlar üçün həmişə əhəmiyyətlidir.

"Uğur elə bir xüsusi kateqoriya deyil ki, ora çatdınsa, deyəsən bəs edir. "Hörmət hörmətə bağlıdır" prinsipini sən öz həyatında təmin edə bilirsənsə, uğurlu yol keçmisən.

Həyatın müxtəlif vaxtlarında bəli, sən müəyyən nailiyyətlər əldə edə bilərsən, uğurlu fəaliyyətlərin ola bilər, gözəçarpacaq işlərin ola bilər, bu öz yerində, amma ümumiyyətlə insanın uğurlu həyatı üçün dediyim məsələlərə vərdiş etməsi vacibdir",-deyə sosioloq vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top