Bəşər Əsəd dinc əhalini hansı kimyəvi silahlarla öldürür? - BMT açıqladı

Təxminən 10 gün əvvəl Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində Bəşər Əsəd rejimi tərəfindən dinc əhaliyə qarşı kimyəvi silah tətbiq olunub və nəticədə yüzdən artıq dinc sakin ölüb. Bu hadisədən sonra ABŞ, Fransa və Böyük Britaniya Əsəd rejiminə tabe olan hərbi bazaları bombalayıb. Lakin, Bəşər Əsəd rejimi və onun müttəfiqləri -Rusiya və İran kimyəvi silahlardan istifadə faktını təkzib edərək hərbi bazaların bombalanmasını Suriyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib. Yeniavaz.com xəbər verir ki, Bəşər Əsəd rejimi və onun müttəfiqlərindən fərqli olaraq BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) belə hesab edir ki, Suriyada dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə dəfələrlə baş verib. İnsan Hüquqları üzrə Ali Komissarlığın açıqladığı məlumatda qeyd olunur ki, 2013-1017-ci illər ərzində Bəşər Əsəd rejimi tərəfindən dinc əhaliyə qarşı 34 dəfə kimyəvi silahlardan istifadə edilib.

Aparılan müşahidələr, qeydə alınan video və foto görüntülər, həmçinin hadisə şahidlərinin və həkimlərin ifadələri kiməyəvi silahdan istifadə faktını təsdiq edir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatında qeyd olunur ki, 2013-cü ildə Əsəd rejimi tərəfindən Suriyanın Dəməşq, Hələb və İdlib şəhərlərində dinc əhaliyə qarşı 5 dəfə kimyəvi silahdan istifadə edilib. Bunlardan 2-si isə sarin qazı vasitəsilə həyata keçirilib. Digər 3 hücumda istifadə olunan kimyəvi silahın tərkibini müəyyən etmək mümkün olmayıb. 2014 və 2016-cı illərdə isə ümumilikdə 18 dəfə kimyəvi silahdan istifadə edilib və bütün hücumlar zamanı xlor qazından istifadə edilib. 2017-ci il ərzində isə Əsəd 11 dəfə kimyəvi silaha əl atıb. Bu hücümların 1-də sarin, 8-də xlor qazından istifadə olunub. 2 hücum zamanı hansı kimyəvi silahdan istifadə olunduğu isə məlum olmayıb.

Məlumat üçün bildirək ki, həm sarin, həm də xlor qazından hazırlanan kimyəvi silahlar insan orqanizmi üçün olduqca təhlükəli hesab olunurlar. Sarin qazı öldürücü təsirə malikdir və mərkəzi sinir sisteminə təsir edərək sinir-paralitik şok yaradır. Xlor qazı da insan orqanizmi üçün olduqca təhlukəli hesab olunur və bu maddə orqanizmə daxil olduğu zaman qandakı oksigenin hüceyrələrə verilməsinin qarşısını alır.

DİGƏR XƏBƏRLƏR

Top