Bakıda məktəbin qarşısına toplaşan küçə itləri görənləri təəccübləndirir - VİDEO

Bakının Binəqədi rayonu, 7-ci mikrorayonda fəaliyyət göstərən 126 saylı məktəbin qarşısında sahibsiz itlər görənləri təəccübləndirir. Yeniavaz.com saytı xəbər verir ki, mikrorayon ərazisində sahibsiz itlər çoxdur, onlar dəstə-dəstə gəzişir, müxtəlif zibilliklərə atılan qida qırıntıları ilə qidalanır və bir çox hallarda hürərək, yaxud avtomobillərə cumaraq piyadaları həyəcanlandırırlar.

Həmin itlər həftənin bəzi günləri günorta saatlarında 126 saylı məktəbin qarşısına gəlir, orada çəmənlik ərazilərdə yatır, bəziləri o tərəf bu tərəfə gedir və övladını məktəbdən götürməyə gələn valideynlərə, onların uşaqlarına qorxulu anlar yaşadırlar.

Valideynlər bildirirlər ki, məktəbin qarşısına gələn sahibsiz itlərin sayı getdikcə artmaqdadır. Bəzi sahibsiz itlər isə məktəbin yaxınlığında park edilən avtomobillərin altına girir, valideyn və uşaqlar yaxınlıqdan keçərkən sakit-sakit onlara "tamaşa edirlər". Düzdür, itlər bir çox hallarda valideyn və uşaqlara hücum etmirlər, ancaq elə qorxulu baxışları uşaqları həyəcanlandırmağa bəs edir. Həmin vəziyyəti görən və təhlükəni yaşayan valideynlərin çoxu deyinməklə işini bitmiş hiss edir. Bu isə səbəbsiz deyil, onlar bilirlər ki, onsuz da şikayətlənmələrinin, lap elə Sahibsiz İtlərlə Mübarizə İdarəsinə zəng vurub məlumat vermələrinin heç bir mənası yoxdur. Uzaq başı "gələcəyik, tədbir görəcəyik" deyəcək, ancaq gəlməyəcəklər, sahibsiz itlər də "öz keflərində" günlərini keçirəcəklər. Bəzi hallarda bizdə problemə mütləq bir insan öləndən, yaxud dəhşətli hadisə baş verəndən sonra aidiyyəti qurumlar reaksiya verirlər, tədbir görmək barədə düşünürlər. İndi sakitlikdir, hələlik həmin itlər heç bir valideyni və yaxud uşağı dişləməyiblər, parçalamayıblar, ölüm-itim olmayıb, ona görə vecinə alan yoxdur. Elə ki, it hansısa uşağı, onun valideynini dişləyib parçaladı, quduzlaşdırdı, aləm dəyəcək bir-birinə və məlum olacaq ki, bəs əslində sahibsiz itlərlə məşğul olan, insanları qoruyan xeyli qurum var imiş, lazım olan anda "tədbir görürlər", "hər şey nəzarətdədir". Başlayacaqlar həmin sahibsiz itlərə qarşı tədbir görməyə. Adamı narahat edən də elə məhz budur, gərək mütləq dəhşətli bir hadisə baş versin ki, tədbir görülsün?

Sonda bu gün 126 saylı məktəbin qarşısında çəkilən, xəbərimizdə əks etdirdiyimiz vəziyyəti əks etdirən videonu təqdim edirik.

Nicat

it

DİGƏR XƏBƏRLƏR

Top