Bakıda satılan güzəştli mənzilləri necə almaq olar? - ŞƏRTLƏR

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayır.

Oxuculardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, MİDA-nın təklif etdiyi sosial mənzillər, həmin mənzillərə sahib olmaq üçün şərtlər və satış qiymətlərini təqdim edirik.

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı 7 may 2018-ci il saat 10:00-da başlayacaq və 7 avqust 2018-ci il saat 10:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər.

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Rəsmi məlumata görə, mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi

Müddət

Minimal ilkin ödəniş

Aylıq ödəniş*

1 otaqlı

2 otaqlı

3 otaqlı

4%

3-30 il

10%

129-136 manat

203-236 manat

282-288 manat

* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayı

Mənzilin qiyməti

(manat)

Əlavə endirim məbləği

(manat)

Əlavə endirimdən sonra

mənzilin satış qiyməti

(manat)

1

29 925

2 993

26 932

2

47 282

4 728

42 554

3

65 626

6 563

59 063

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:

Yaşı 35-dən yuxarı olmayan gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;

Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

Fəlsəfə doktoru elmi dəcərəcəsi olan şəxs;

İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);


Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər:

Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur) ;

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər; .

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

modern.az

DİGƏR XƏBƏRLƏR

Top