Bir neçə gün öncə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin "mən Həciyəm, amma arada badə qaldırıb sağlıq deyirəm" açıqlaması cəmiyyətdə çoxlarının marağına səbəb oldu. Əhəd Abıyev bildirib ki, Həcc ziyarətində olub, amma kiminsə ona "Həci" deyə müraciət etməsini xoşlamır: "Mən ibadətimi qəlbən, daxilən edirəm, reklam üçün etmirəm.
"Həccə gedib-gəlmək həkim müalicəsi deyil ki, orada sağalasan gələsən. Sadəcə olaraq, Allahın xofu gəldikdən sonra daha da artır. Bunun çox böyük təsiri də var. Mən təkrar-təkrar Həccə gedənlərin əleyhinəyəm. 15 dəfə Həccə getməyin nə mənası var",-deyə Əhəd Abıyev vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda istər deputatlar, istər müğənnilər, istər digər tanınmışlar arasında Həcc ziyarətinə gedənlər az deyil. Yeniavaz.com saytı onların siyahısını hazırlayıb.
Müğənni Rüfət Axundov bir neçə il öncə Həcc ziyarətində olub. Müğənni özü bu barədə danışmağı çox xoşlamır.
Sabiq millət vəkili Gülər Əhmədova Həcc ziyarətində olub. Bununla bağlı suala Gülər Əhmədova: "Allah arzusunda olan hər kəsə qismət etsin",-deyə cavab verib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Həcc ziyarətində olub. Bir müddət öncə şəhid ailəsi ilə bağlı yaranmış qalmaqala münasibət bildirən Şəmsəddi Xanbabayev: "Mən Həci adamam, elə şey etmərəm",-demişdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da Həcc ziyarətində olub. Bu barədə bir neçə il öncə mətbuatda xəbər yayılmışdı.
Sabiq deputat Qalib Salahzadə 27 dəfə müəqddəs Həcc ziyarətinə gedib. Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.
Azərbaycanda daha bir nəfər 27 dəfə Həcc ziyarətində olub. Bu, "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovdur.
Əməkdar artisti, tanınmış yumorist akrtisa Tünzalə Əliyeva Həcc ziyarətində olub.
Millət vəkili Hadı Rəcəbli də Həcidir. Deputat: "Mənim xanımım həci xanımdır. İki qızım, iki bacım həcixanımdır. Mən Allaha bağlı insanam. Allahın yolunu həmişə tutmuşam",-deyib.
Müğənni Emil Bədəlov iki dəfə Həcc ziyarətində olub: "Allaha min şükür ki, mənə bir daha Həcc ziyarəti nəsib oldu. Allah arzu edənlərə, getməyənlərə nəsib etsin. İnşallah bütün dostlarıma, yaxınlarıma dua edəcəm". Emil Bədəlov ilk dəfə Həcc ziyarətində 2013-cü ildə olub.
Aparıcı Nuran Hüseynov müqəddəs Kəbəni ziyarət edənlərdəndir.
Əməkdar artist Nüşabə Ələsgərli də Həci xanımdır.
Bir neçə dəfə Həcc ziyarətində olanlardan biri də müğənni İzzət Bağırovdur: "Birinci dəfə 2006-ci ildə, ikinci dəfə 2008-ci ildə ziyarətə getmişəm. Özünüz bilirsiniz ki, mən həmişə qalmaqallardan, dedi-qodudan, söz-söhbətdən uzaq olmuşam. Səhnədə geyimimə, saç düzümümə fikir vermişəm. Ola bilər nə vaxtsa yenə ziyarətə gedim".
Əməkdar artist Mətanət İsgəndərli də Həcc ziyarətində olub. Müğənni Məkkəyə ziyarətini bacısı Sədaqətlə edib. Mətanət bu ziyarəti çox böyük həyəcanla keçirdiyini deyib: "O qədər göz yaşı və Allaha inamla bu ziyarəti etdim ki... İllərdir mən bunu arzulayırdım. İnşallah, davamlı olacaq".
Əməkdar artist, müğənni Zöhrə Abdullazadə də Həci xanımdır: "İki dəfə həcc ziyarətində olmuşam. Çox gözəl yerdir".
Xalq artisti Alim Qasımov bir neçə il öncə Həcc ziyarətində olub.
İş adamı, "Avesta" Konserninin prezidenti, adı bir neçə qalmaqalda səsləndirilən Hacı İbrahim İbrahimov da Həcc ziyarətində olub. Lakin bir müddət öncə iş adamı verdiyi bir açıqlama ilə dilə-dişə düşmüşdü. İbrahim İbrahimov hərdənbir spirtli içki içdiyini demişdi.
Tanınmış aktyorlar Rafael və Coşqun da Həcc ziyarətində olublar.
Tanınmışlar arasında Həcc ziyarətində olmaq arzusu ilə yaşayanlar da az deyil. Lakin onlar özlərini hazır hiss etmədiklərini əsas gətirib hələlik bu ziyarətə yollanmayıblar. Belələrindən biri də millət vəkili Siyavuş Novruzovdur: "Həccə getmək mənim böyük arzumdur. Amma hələ buna hazır deyiləm. Oruc tuturam, başqa müəyyən dini ritualları yerinə yetirirəm. Amma Həccə getməyə hələ hazır deyiləm".
Müğənni Xuraman Şuşalı, Niyam Salami, Şəbnəm Tovuzlu da Həcc ziyarətinə gedəcəklərini bildiriblər.
Hazırladı: Nicat